AVMVİB üzvləri şəhidlərimizi unutmurlar

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) bəlkə də fəaliyyətdə olan yeganə ictimai təşkilatdır ki, onun üzvləri, rayon və şəhər şöbələri təmənnasız olaraq şəhidlərimizin adlarının əbədiləşdirilməsini, onların müqəddəs xatirələrinin anılmasını özünün təmənnasız olaraq prioritet vəzifələrindən biri elan edib. Bütün təşkilatdaxili yığıncaqlarda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev elan edib ki, müharibə əlilləri və müharibə veteranları sağ olduqları üçün öz hüquqlarını qorumaq iqtidarındadırlar. Amma şəhid döyüşçü qardaşlarımızın bizlərə əmanət etdikləri hər şeyi qorumaq biz döyüşçülərin borcudur.


Ağır döyüş yolu keçmiş, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, Bərdə rayon D. Əliyev adına Şahvəlilər kənd orta məktəbinin direktoru Həsrət Sabir oğlu Hümmətovun təşəbbüsuylə kənd şəhidlərinin xatirəsinə həsr olunmuş abidə kompleksinin açılışı olub.


D. Əliyev adına Şahvəlilər kənd orta məktəbinin direktoru Həsrət Hümmətov bildirdi ki, abidənin ərsəyə gəlməsində hər kəsin danılmaz əməyi vardır. Bu addım şəhidlərimizə kənd sakinlərinin rəğbətini göstərir. Onlar bu Vətən uğrunda canlarından keçmiş müqəddəs insanlar olduğunu hər bir şagird daha əyani bir şəkildə mənimsəyir. Övladlarımızın vətənpərvər ruhda tərbiyə olunmaları üçün bu ən yaxşı üsuldur.

Şəhidlərin əziz xatirələrinə həsr olunmuş Abidə kompleksinin açılışından sonra D. Əliyev adına Şahvəlilər kənd orta məktəbində təşkil olunan hərbi-vətənpərvərlik mövzulu tədbirlər elə abidə qarşısında keçirilir.


Xatırladaq ki, AVMVİB-nin fəal üzvü, müharibə veteranı Həsrət Hümmətov neçə ildir ki, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasına öz töhfələrini verir. Elə 44 günlük Vətən müharibəsində bu məktəbin də yetirmələri öz sözlərini dedilər. Düşmənin darmadağın edilməsində iştirak etdilər. H. Hümmətovun keçdiyi döyüş yolu, Birliklə sıx əlaqələri və pedaqoji fəaliyyəti AVMVİB tərəfindən yüksək qiymətləndirilərək AVMVİB-nin təsis etdiyi Xatirə medallarıyla təltif edilib. Həmçinin bildirək ki, 1994-cü ildə düşmənlə üzbəüz durduğu səngərdə yazdığı şeir də, məhz döyüşçülərin qəzeti olan «Fədai» qəzetində çap olunub.


Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: