Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsidir…

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.


Yeni dünya düzənində Azərbaycan öz yerini dünyaya duyurdu. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir.

Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Hər iki ölkə rəhbərinin uzaqgörən və müdrik qərarı xalqlarımız tərəfindən razılıqla qarşılandı.


Bölgədə inteqrasiya proseslərini stimullaşması və ədaləttli sülhə yol bəyannamənin əsas hədəfidir. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının, eləcə də bütün ölkə vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaratmağı hədəfləyir.

Bu saziş sayəsində regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq və insanların rifah halı daha da yüksələcəkdir.


Ona görə də bunu Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğuru hesab etmək olar. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq və davamlı müsbətə doğru proseslərə yol açavaqdır.

Ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən etməklə yanaşı, bu bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıracaqdır. Çünki Azərbaycan ilə Türkiyə arasında bağlanmış bütün sazişlər iki ölkə xalqlarının arasındakı tarixi münasibətlərə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin də kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdi ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.


Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Bu da ölkəmizin «Bir yol, bir kəmər» layihəsində rolunu yüksəldəcək.


İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Azərbaycanın, istər beynəlxalq arenada, istərsə də hərb meydanında əlini gücləndirdi.


Şuşa Bəyannaməsi bütün bunlarla yanaşı, siyasi müstəvidə də razılıqla qarşılanmış, ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir.

Rasət Tağıyev

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xəzər rayon şöbəsinin sədri

Bu xəbəri paylaşın: