DƏRDDƏN GÜNDOĞDUYA GEDƏN YOLÇU: ALLAHVERDİ GÜNDOĞDU (DƏRD)

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Rəhbərliyi sədr Füzuli Rzaquliyevin başçılığı altında, AVMVİB-nin fəxri üzvü, müharibə veteranı, şəhid atası və tanınmış yazar Allahverdi Gündoğdunun bir vəsiyyətinə uyğun olaraq Oğuz rayonu Xalxal kəndində oldular. Kənddə onu tanıyan və Allahverdi Gündoğdunun əziz xatirəsini unutmayan imkansız ailələrə yardım edildi.


Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavinləri Vahid Abdurəhmanov, Salman Musayev, İslam Səfərov, Natiq Həsənov, Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyya Rəhimov, AVMVİB Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov, AVMVİB Mingəçevir şəhər şöbəsi sədrinin I müavini Mübariz Rüstəmov, AVMVİB üzvü Sarvan Abbasov, mərhumun yaxın qohumu Nazim Əkbərov, Xalxal sakini, mərhumun dostu Vüqar Zeynalov və onun xatirəsini daim əziz tutan kənd sakinləri iştirak etdilər.

Allahverdi Gündoğdu şəhid atası və mübariz Vətən fədaisi kimi daim yaddaşlarımızda yer tutan bir Turan sevdalısı idi. Onu tanıyanlar bu böyük və əsil insan haqqında öz ürək sözlərini və xatirələrini danışdılar.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirdi ki, birliyimiz hər zaman şəhid ailələrinin yanında olmağı öz borcuna çevirib. Biz rəhmətlik Allahverdi Gündoğdunun bu kəndlə xüsusi bir bağının olduğunu bilirdik. O sanki Qarabağ adlı nisgilini illərlə bu kəndin gözəlliyi və insanları ilə ovudub. Hər kəs onu ən doğma adamı kimi xatırlayır və rəhmətlə anırlar. Biz də bu insanlara öz minnətdarlığımızı bildirir və başın sağ olsun, Vətən! — deyirik.


Xatırladım ki, ən son gəlişində rəhmətlə andığımız Allahverdi Gündoğdu sanki vəsiyyət edirmiş kimi, bu gəlişin son gəlişi olduğunu və onu burada anmağı tapşırdı. Mərasimə toplaşanlar onu kövrək duyğulu sözlərlə andılar və Allahdan rəhmət dilədilər.

Biz səni andıq, Böyük İnsan! Canın qədər sevdiyin Vətənin bir guşəsində sanki, bütün gözlər, ağaclar, bulaqlar, axan çaylar da səni axtarırdı. Sən oradaydın…


Türk şairi Serdar Tuncer sanki bu şeri bu gün üçün yazıb. Ruhuna ərmağan olsun, Vətən oğlu. Dərdləri Gündoğduya daşıyan adam…


AĞLADIM

Ağlıma düşdü sözlərin,
Boynumu bükdüm ağladım.
Əlvida dediyin yerin,
Yanına çökdüm ağladım.

Oturduq sanki göz-gözə,
Xəyallarınla diz-dizə,
İki çay söylədim bizə,
Bir siqar çəkdim ağladım.

Atəşdin, su idin, çaydın,
Olmazdın, bunca olsaydın,
Yalnızdın və yanımdaydın,
Sanma ki, təkdim, ağladım.

Cahanda sənsizlik qədər,
Nə bir dərd, nə də çilə var.
Sənsizlikdə sən vardın, yar,
Mən məndə yoxdum, ağladım.

Anılar gəzdi qanımda,
Səni aradım yanımda,
Təsbeh kimi hər anımda,
Həsrəti çəkdim, ağladım..

Hər sevən boyun əymiş,
Ayrılıq nə yaman şeymiş,
Gözdən yaş tökmək nəymiş,
Gözümü tökdüm, ağladım.

İçim qərib, könlüm darda,
Gözlərim qarşı divarda,
Mən hər axşam aynalarda,
Üzünə baxdım, ağladım.

Sirrinə yetincə heçin,
Mən sən oldum bitdi neçin,
Yanağına dəymək üçün,
Gözümdən axdım, ağladım…

X. Ədəboğlu

Bu xəbəri paylaşın: