TÜRKİYƏ İSVEÇ VƏ FİNLANDİYADAN İSTƏDİYİNİ ALDI – Üçtərəfli memorandumun detalları

Bu gün Türkiyə, İsveç və Finlandiya arasında imzalanan üçtərəfli memorandumun bəzi detalları açıqlanıb.

Türkiyə mediası xəbər verir ki, Finlandiya və İsveç gələcək NATO müttəfiqləri kimi Türkiyənin milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı tam dəstək verir. Bu çərçivədə hər iki ölkə Türkiyənin terror təşkilatı kimi qəbul etdiyi FETÖ və PYD/YPG-yə dəstək verməyəcək və onları terror təşkilatı kimi tanıyacaq. Üstəlik, Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyib, qardaş ölkədə həlak olan terror qurbanlarının ailələri ilə dərin həmrəylik hissləri bölüşdüklərini bildiriblər.

PKK terror təşkilatı kimi tanındı

Finlandiya və İsveç PKK-nın terror təşkilatı olduğunu rəsmən təsdiqləyib. Eləcə də bu təşkilatın digər qollarının, həmçinin bütün terror qruplarının fəaliyyətinin, onların genişlənməsinin, onlarla əlaqəsi olan şəxslərin və qurumların fəaliyyətinin qarşısını almağı öhdələrinə götürüblər. Türkiyə, Finlandiya və İsveç bu terror təşkilatlarının fəaliyyətinin qarşısını almaq üçün əməkdaşlıqlarını artırmaq qərarına gəliblər.

Cinayət Məcəlləsində dəyişiklik

Bundan əlavə, Finlandiya Cinayət Məcəlləsinə bir sıra düzəlişlər əlavə edib. Məsələn, ictimai müstəvidə terrora çağırışlar da ayrıca cinayət nhesab olunacaq. İsveç təsdiq edir ki, yeni qanun iyulun 1-dən qüvvəyə minəcək və hökumət antiterror qanunvericiliyini daha da sərtləşdirəcək.

Silah embarqosu

Türkiyə, Finlandiya və İsveç artıq onların arasında silah embarqosunun olmadığını təsdiqləyib. İsveç NATO müttəfiqlərinə silah ixracı ilə bağlı milli qanunvericiliyinə dəyişiklik edir. Finlandiya və İsveçdən gələcək müdafiə sənayesi məhsullarının ixracı müttəfiqlərin həmrəyliyinə və Vaşinqton Müqaviləsinin 3-cü maddəsinin ruhuna uyğun olaraq həyata keçiriləcək.

Atılacaq konkret addımlar

Tərəflər terrorizm, mütəşəkkil cinayətkarlıq və digər sahələrdə konsensus əsasında əməkdaşlığı gücləndirmək üçün bütün səviyyələrdə, o cümlədən hüquq-mühafizə və kəşfiyyat orqanlarında strukturlaşdırılmış hökumətlərarası dialoq və əməkdaşlıq mexanizmi yaradacaqlar. Finlandiya və İsveç terrorizmlə mübarizəni NATO-nun müvafiq sənədlərinin və siyasətlərinin müddəalarına uyğun olaraq qətiyyətlə həyata keçirəcək və yerli qanunvericiliklərini buna uyğun olaraq gücləndirmək üçün bütün lazımi addımları atacaqlar.

Ekstradisiya və təhlükəsizlik sahəsində əməkdaşlıq

Finlandiya və İsveç Avropa Ekstradisiya Konvensiyasına uyğun olaraq, Türkiyənin təqdim etdiyi məlumatları, sübutları və kəşfiyyat məlumatlarını nəzərə alacaq, Türkiyənin terror şübhəliləri ilə bağlı ölkədən çıxarılması və ya ekstradisiya tələblərini dərhal və bütün ölçüləri ilə icra edəcək və lazımi ikitərəfli razılaşmaları inkişaf etdirəcək. Türkiyə ilə ekstradisiya və təhlükəsizlik əməkdaşlığı inkişaf etdirmək üçün tənzimləmələr edəcəyik.

PKK ilə bağlı araşdlrmalara başlanacaq

Finlandiya və İsveç PKK terror təşkilatı və onun bütün qollarının pultoplama və üzv qəbuletmə fəaliyyətləri ilə bağlı araşdırmalara başlayacaq və bu məsələləri qadağan edəcək. Türkiyə, Finlandiya və İsveç dezinformasiya ilə mübarizə öhdəliyi götürəcək və qanunverciliyə uyğun olaraq terror təşkilatlarının təbliğatı, o cümlədən Türkiyəyə qarşı zorakılığı təşviq edən fəaliyyətlər üçün sui-istifadənin qarşısını alacaq.

PESCO-da iştirak

Finlandiya və İsveç Türkiyənin və Aİ-yə daxil olmayan digər müttəfiqlərin Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti üzrə cari və gələcək təşəbbüslərinə, o cümlədən Türkiyənin hərbi mobillik üzrə PESCO layihəsində iştirakına mümkün qədər geniş şəkildə daxil edilməsini dəstəkləyəcəklər.

Türkiyə NATO-nun “Açıq Qapı” siyasətinə uzunmüddətli dəstəyini bir daha təsdiqləyir və Finlandiya və İsveçin Madrid Zirvə Toplantısında NATO üzvü olmağa dəvətini dəstəklədiyini bildirir.

Üçtərəfli memorandumu xarici işlər naziri Mövlud Çavuşoğlu, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və İsveçin xarici işlər naziri Ann Linde imzalayıb.

Mənbə: Qafqaz.media

Bu xəbəri paylaşın: