F. Rzaquliyev: «Hər kəs Qarabağ uğrunda mübarizəyə köklənməlidir»

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev ölkə rəhbərinin Tərtərdə etdiyi çıxışı şərh edib. Bu çıxışa öz münasibətini və gözləntilərini açıqlayıb.

AVMVİB sədri Füzuli Rzaquliyev dedi: «Azərbaycan Prezidenti İlham Əliyevin Tərtərdə Qarabağ məsələsi ilə bağlı çox önəmli açıqlamalarla bağlı fikirlərimi qısa da olsa bildirmək istəyirəm. Açıqlamadakı vətənpərvərlik, strateqlik tezisləri Ali Baş Komandanın ölkənin taleyüklü problemlərini dərindən bilməsinin təzahürü kimi qəbul edilməlidir. Xüsusən Qarabağla bağlı deyilən fikirlər və tezislər hər bir veteranın ürəyincədir. İstər ölkə tarixinin incəliklərini, istərsə də bölgə tarixini İlham Əliyev son dərəcə mükəmməl çözür, hədəflərimiz göstərir və bu hədəflərə çatmaq üçün həm prinsipiallıq, həm də çox çevik diplomatik məharət ortaya qoyur. Biz bu mövqenin dəfələrlə şahidi olmuşuq. İlham Əliyev bir lider kimi ilk gündən yürütdüyü «ikinci erməni dövlətinə öz ərazilərimizdə yol verməyəcəyik!» kimi Qarabağ uğrunda aparılan mübarizəmizin devizi olmalıdır. Biz inanırıq ki, Ali Baş Komandanın rəhbərliyi ilə tezliklə Şuşaya bayraq sancacağıq!»

AVMVİB sədri Füzuli Rzaquliyev bu nüansa diqqət çəkdi: «Cənab İlham Əliyev haqlı olaraq deyib ki, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın 19 il bundan öncə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması ölkəmizin bu dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini bir daha nümayiş etdirdi. Ötən 19 ildən artıq dövrün Azərbaycana nə verdiyini təhlil etdikdə, yalnız bir məqam daha çox diqqəti çəkir: ikili yanaşma, ədalət meyarının ayrı-ayrı maraqlara tabe etdirilməsi, Ermənistana dəstək. AŞPA-nın işğal altındakı Dağlıq Qarabağda keçirilmiş qondarma seçkilərə münasibətdə susqunluğu bunun bariz nümunəsidir. Haqlı olaraq Prezident, “Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində, məhz azərbaycanafobiyadır”- deməsi təsadüf deyil.

F. Rzaquliyev bildirdi ki, dövlətimizin başçısı İlham Əliyev bu yaxınlarda Tərtər rayonuna səfəri çərçivəsində Olimpiya İdman Kompleksinin açılış mərasimində bu məsələyə xüsusi diqqət yönəldib. Cənab Prezidentin konseptual çıxışı Avropa Şurasının ölkəmizə qarşı riyakar yanaşmasını bütün çılpaqlığı ilə ortaya qoydu.

Prezident İlham Əliyev haqlı olaraq deyib: «Mart ayında şouların təşkili üzrə peşəkar olan (şoumen) Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “prezident və parlament seçkiləri” keçirildi. Həmin “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi. Dünyanın aparıcı və mötəbər təşkilatları və bir sıra ölkələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etməklə yanaşı, qondarma “seçkiləri” tanımadıqlarını bildirdilər. Lakin Azərbaycanı tənqid eləmək üçün ən kiçik fürsətdən belə yararlanmağa çalışan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək qəribə səssizlik nümayiş etdirdilər. Göründüyü kimi, qərəz və kin yuvası olan AŞPA bir daha mötəbər olmağı bacarmadı».

AVMVİB sədri F. Rzaquliyev bildirdi ki, biz dəfələrlə bu qurumları münaqişənin həllində barışdırıcı missiyadan çox, tərəf kimi gördüyümüzü bəyan etmişik və ona görə də prezidentin hər bir sözünə qatılırıq. Onun mövqeyini dəstəkləyirik. Avropa Şurası kimi qurumlar unudurlar ki, artıq yalanlarının ayaq tutub yeriməsinin vaxtı çoxdan keçib.

Prezident İlham Əliyev qondarma Dağlıq Qarabağ xunta rejimində əsirlikdə olan iki mülki Azərbaycan vətəndaşının — Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz olaraq xunta rejimində həbsdə saxlanılmasına aidiyyəti qurumların səssiz qalmasına münasibət bildirib: «AŞPA azərbaycanlıları sevirsə, niyə indiyədək hazırda Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçik də olsa bir fikir səsləndirmirlər. Axı onlar da insandırlar və onların işgəncə altında da saxlanıldığı heç kimi sirr deyil». Bu fikirləri şərh edən AVMVİB sədri F. Rzaquliyev bildirdi ki, illərdir ki, aldırılan bu məsələni qulaq ardına vuran Qərb, öz ölümünü haqq edən Markaryanın ölüsü üçün də bizim ölkəyə cərimə kəsir. Bunlardan «demokratiya» istəyən ağıldan yoxsullara yazıqlar olsun.

AVMVİB sədri Füzuli Rzaquliyev bir məqama toxunaraq dedi ki, ölkə rəhbəri tariximizlə və tarixi reallıqlarla bağlı çox incə məqamlara toxundu. Hər dəfə prezident bu cür sərt çıxışlar edərkən daxilimizdəki 5-ci kolon mənsubları ciddi surətdə fəallaşırlar. Ona görə də hər kəsi diqqətli olmağa, Ali Baş Komandanın ətrafında sıx birləşməyə çağırıram. Düşmən içimizdəki bu xainlərin xəyanətlərindən yararlanmaqla xaos yaratmaq iddiasındadırlar. Bu dəfə onların arzularını gözlərində qoymalıyıq.

Prezident İlham Əliyevin vətənpərvərliklə və tariximizlə bağlı dedikləri hər birimizin yol xəritəsi olmalıdır. Tək məqsədimiz tezliklə, Qarabağı düşməndən azad etmək olmalıdır. Bu gün hər kəsin istəyi bu arzu üzərindədir. Hər kəs Qarabağ uğrunda mübarizəyə köklənməlidir.

Elnur Səlim

Bu xəbəri paylaşın: