AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov Mingəçevir şəhər Bələdiyyəsində veteranlara qarşı özbaşınalıqlar barədə prezidentə müraciət etdi
Son zamanlar aparılan uğurlu islahatların deyəsən Mingəçevir şəhərinin hakimiyyət strukturlarına əks təsiri olub. Şəhər İcra Hakimiyyətinin Mingəçevir şəhər bələdiyyəsinə sədr «seçdirdiyi» Ramiz Əliyevlə işbirliyi yaratmaqla xalqın narazılığına səbəb olan neqativlər barədə sosal şəbəkələrdə yetərincə şikayətlər yayılmaqdadır. Bir çox rayon və şəhərlərimizdə qeyri-qanuni bir şəkildə icra hakimiyyətləri bələdiyələrə «kirvəlik» etdiyini bilirik. Mingəçevirdə isə artıq bu üslub məcazilikdən çıxarılıb. Şəhərdə İcra Hakimiyyəti- bələdiyə münasibətləri «kirvə-kirvə» qohumluğu üzərində qurulub. Bu tam yeni bir üslubdur.
Xüsusən də müharibə iştirakçılarının məşğulluğu üçün şərait yaratmaq əvəzinə, onlara maneə yaratmaları şikayətçilərin sırasında veteranların sayını artırıb. AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri, müharibə əlili Natiq Həsənov da şəxsi məşğulluğunu inkişaf etdirməyə imkan verilmədiyinə görə ölkə rəhbərinə müraciət etməyə məcbur olub.
Müraciətlə bağlı Natiq Həsənov bildirdi ki, Ali Baş Komandanımız cənab İlham Əliyev deyib: «Bir daha vətəndaşlara müraciət edirəm, əgər görsəniz ki, rəhbər işçilər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar verəcəyik». Şəhərdə idarəetmə strukturlarından, xüsusən də Bələdiyyənin fəaliyyətindən xalq çox narazıdır. Narazılardan biri kimi ölkənin rəhbərinə müraciət etməyə məcbur oldum.
N. Həsənovun müraciətində deyilir: «Yazıb Sizə bildirirəm ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Mingəçevir şəhər şöbəsi olaraq üzvlərimizin problemləriylə bağlı dfələrlə şəhər bələdiyəsində qəbulda olmuşuq və müraciətlər etmişik.
Çox təəssüflər olsun ki, Bələdiyyə sədrinin işlətdiyi sözlər yürüdülən dövlət siyasətiylə ziddiyyət təşkil edir. Azərbaycan Vətən Müharibəsi Veteraları İctimai Birliyinin Mingəçevir şəhər şöbəsinin üzvləri, müharibə iştirakçıları prezident İlham Əliyevin məqsədyönlü siyasətin qələbəsi üçün əlimizdən gələn dəstəyi verməyə hazırıq. Milli Məclis zəbt edilmiş torpaqların xalqa qaytarılması haqqında qanun qəbul etməlidir.
Hal-hazırda möhtərəm prezidentimiz İlham Əliyevin şəhərimizə gəlişi gözlənilir. Ona görə də Mingəçevir şəhər Bələdiyyəsinin yerli sakinlərə, xüsusən də müharibə iiştirakçılarına qarşı yürütdüyü acınacaqlı siyasət araşdırılmalıdır. Bütün bunları nəzərə alaraq, Bələdiyyənin sədri Ramiz Əliyevin səlahiyyətlərinə xitam verilməsi və onun qəbul etdiyi qərarlar ciddi surətdə araşdırılmasını Sizdən xahiş edirik.
İnanırıq ki, müraciətim cavabsız qalmayacaq. Əvvəlcədən öz minnətdarlığımı bildirirəm.»
Biz də inanırıq ki, müharibə əlilinin bu müraciəti cavabsız qalmayacaqdır və Mingəçevir şəhər İcra Hakimiyyəti də müraciətə münasibət bildirəcəkdir.
Enur Səlim

