FƏAL VİCDAN VƏ RƏHM SİNDROMU

Zahid Teymurov

Həyat belə gətirdi ki, iradəmdən asılı olmayaraq, xidmətimi polis sıralarında davam etdim. Lakin, burda da əsgər olmağımı heç zaman unutmadım. Düşmənim həmişə Vətənimə qəsd edən olub. İndi o meydanda, o səngərdə deyildim.


Öz xalqımı da mənə düşmən etmək mümkün olan şey deyildi. Polis əməkdaşlarının böyük əksəriyyətinin Vətənin layiqli əsgəri olduğunun dəfələrlə şahidi olmuşdum: Horadiz hücum əməliyyatında işqal altında olan rayonların polis şöbələrinin, Bakı şəhəri Baş polis idarəsinin, Baş mühafizə idarəsinin əməkdaşlarının Əsgəri şərəfi və ləyaqəti, döyüşçü cəsarəti və əzmi bu istiqamətdə döyüş uğurunu şərtləndirən ən vacib amillərdən idi. Polis xidmətində də dəfələrlə əməkdaşların cinayətkarlıqla mübarizədə əsgər şərəfini uca tutması, vətəndaşlarla ünsiyyətdə xoşməramlı, qayğılı və vicdanlı olması onların adi xidmət tərzi idi. Əks hallara rast gələndə reaksiyam birmənalı idi: ÇİYNİNDƏKİ POQON SƏNƏ XALQA XİDMƏT ÜÇÜN VERİLİB, ONA ZÜLM ETMƏK ÜÇÜN YOX.


Polis xidməti polis şəxsiyyətini şərtləndirir. Asayiş naminə polisə qanunla əhali üzərində müəyyən hüquq və vəzifələr verilir. Onların isə həyata keçirilməsi vicdan və mənəviyyat, dövlətçilik və xalq anlayışı olmadıqda ziyanlı fəsadlar yaradır. Vicdan və ədalətli rəhmi polis əməkdaşı daim daxilində gəzdirməlidir.


Tanış olduğum xüsusi ədəbiyyatdan bir misal gətirim. İnqilis polisinə, xidmət etdiyi şəhərdə basqın və terror aktı törətmək üçün 600 kilometr uzaqda yerləşən digər şəhərdən cinayətkar silahlı qrupun yola düşəcəyi barədə məlumat daxil olur. Bu məsafədə yer seçib həmin qrupun zərərsizləşdirilməsi barədə polis zabiti qərar verir. Cinayətkarların avtomobili saxlanılıb mühasirəyə alınır. Zabit onların bir-bir əlləri görünən halda maşından düşməsini tələb edir. Onlardan biri əlini cibinə atanda zabit atəş açır. Yaxınlıqda olan tibb məntəqəsində onu xilas etmək mümkün olmur. Cinayətkar qrupda silah aşkar olunmur. Zabitə cinayət işi acılır, istintaq aparılır. Məhkəmə ona bəraət verib həbsdən azad edir. İstintaq sübut edir: polis zabiti əməliyyatı hazırlayərkən pozitiv tədbirlərə xüsusi diqqət yetirib. 600 kilometr məsafədə əməliyyatın yerini tibb məntəqəsinə yaxın seçib və personalın odlu silahdan yaralanma hallarında yardıma hazır olmasını təmin edib. Cinayətkarların isə silahlı olması barədə mötəbər məlumata o əsaslanmaya bilməzdi.


Polis qardaşlarım, pozitiv tədbirlər bizim millətimizin qanındadır.


ÜZƏRİNİZDƏ DÖVLƏTİMİZİN RƏMZLƏRİ, QƏLBİNİZDƏ MİLLƏTİMİZİN VİCDAN VƏ RƏHMİ.


QARŞINIZDA VƏTƏN SEVGİSİ, TORPAQ HƏSRƏTİ İLƏ NƏFƏS ALAN XALQINIZ…

На изображении может находиться: один или несколько человек и люди сидят
Bu xəbəri paylaşın: