AVMVİB sədr müavini birdəfəlik ödəmənin verilməsindən danışdı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı danışdı.

«Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsini hər kəs məmnunluqla qarşıladı. Prosesin bu qədər tez bir zamanda həyata keçirilməsi, kiçik nüanslar nəzərə alınmasa təqdir edilməlidir. Bu, Ali Baş Komandan, Prezident İlham Əliyevin qazilərə göstərdiyi diqqətin növbəti təzahürüdür».
 

Fədai.az xəbər verir ki, bunu öz açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, ikinci qrup əlil Vahid Abdurəhmanov deyib.

O, bildirdi ki, müharibə əlillərinin problemlərinin, qayğılarının, sosial məsələlərinin həllinin hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətində olduğunu görmüşük. Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi belə addımlardan biridir. Təmsil etdiyim Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından bildirirəm ki, Birinci Qarabağ müharibəsi qaziləri Prezidentimizin bu addımını yüksək qiymətləndiririk. Minlərlə AVMVİB üzvü olan müharibə əlili bu humanist aksiyadan yararlanıb. Biz köhnə döyüşçülər olaraq, hər zaman Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin əsgəri olduğumuzu bəyan etmişik. Daxildə buna qısqanclıqla yanaşan 5-ci kolon nökərləri bir daha bu birliyi görüb öz məkrli planlarından imtina etməlidirlər. Prezidentimiz dediyi kimi, «Biz birlikdə güclüyük!» və «Qarabağ Azərbaycandır!»

Qeyd edək ki, Baş nazir Əli Əsədov avqustun 2-də “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Qərarla Birinci Qarabağ müharibəsi əlillərinə I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat məbləğində birdəfəlik ödəmə ediləcək.

Birdəfəlik ödəmə almaq hüququ olan şəxslər aşağıdakılardır:

— 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

— Hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

— Xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, lakin sonradan reabilitasiya olunmuş şəxslər;

— Müəyyən edilmiş məbləğdən az məbləğdə sığorta ödənişi almış şəxslər;

— Yuxarıda göstərilən kateqoriyadan olan şəxslər vəfat etdikdə onların vərəsələri.

Bu xəbəri paylaşın: