Krımçaklar, Karaimlər…

  • İLHAMİ Cəfərsoy

Krımçaklar Krımın və Ön Asiyanın qədim xalqlarından biridir. Hitlerin göstərişi ilə onların 85%-i öldürüldü. Səbəb o idi ki, onlar karaylar kimi Musanın Tövratına yox, Talmuduna tapınırdılar.

Krımçakların hələ XIX əsrin əvvəlində Kerem hemed, yəni Kərəmgəldi adlı qəzeti nəşr olunurdu. Krım yalnız yarımadanın adı deyildir, qüdrətli bir Türk xalqının adıdır. Onların bir oymağı Kırım Xoca adlanır və Özbəkistanın Zərəfşan mahalında yaşayırdı. Bundan başqa Manas və Er Töştük dastanlarında Kırım adlı xanların igidliyindən bəhs olunur.

Biz Ukraynanın ruslar üzərində qələbəsinə yardımçı olmalı, karaylarla yanaşı krımçakların da vətənə qayıtmasını gündəmə gətirməliyik. Krımçakların Krıma qayıtması mənim üçün laçınlıların Laçına, şuşalıların Şuşaya qayıtması kimi müqəddəs arzudur.

Krımda Karaimlərdən və Krımçaklardan başqa Noqaylar da yaşayırdılar. İosif Cuqaşvili 1944-cü ildə onları doğma vətənlərindən Qazaxıstana sürgün etdirdi. İosif tarixi düşmənimiz Stalinin adı, Cuqaşvili soyadıdır. Qocaların, uşaqların çoxu qatarlarda aclıqdan, susuzluqdan öldülər.

Sağ qalanların vətənə dönməsi qadağan olundu. 1985-ci il idi. Krımın şəhərlərini gəzirdim. Noqayları, Karayları, Krımçakları axtarırdım. Aluştadan Alupkaya gələndə avtobusda ruslara bənzəməyən adamlar gördüm. Mən onların, onlar mənim kim olduğumu biləndə sevindik. Mənə dedilər ki, sürgündə qəpik-qəpik pul toplayıb ata evimizi satın almışıq. Ancaq pasport qeydiyyatına almırlar, işə götürmürlər.

Oğlanın birinin əlində gitara var idi. Çala-çala qəmli, kədərli səslə oxumağa başladı.

Aluştadan esqin yelcik üzüme vurdu,
Balalığım keçqen yerler qözüme düşdü.
Men bu elde yaşalmadım,
yaşlığıma toyalmadım.
Nasıl güzel vetanımsan, ey güzel Xırım!


Yürdüm senin yollarından seve-seve men,
Vetanıma xayıtmağa bek isterem men.
Yeşil dağlar güldü mana,
Xaytıb qeldi Noqay sana.
Qucağını aç sen mana, ey güzel Xırım!


Noqayların Krıma dönməsi Şuşalıların Şuşaya dönməsi qədər mənə əzizdir!

Bu xəbəri paylaşın: