Məkanın cənnət olsun!
Dəyərli jurnalist və yazarımız, şəhid atası, Qarabağ savaşı iştirakçısı Allahverdi bəyin ad günüdür. Adının qaldığı dünyada ilk ad gününü sənsiz andıq…
Əbədiyyət yolçusunun sevdiyi gözəl şeirlər olardı. Söz xridarıydı. Yerində deyilmiş sözlə yaşamağı bacarırdı.
Sən yoxsan. Amma ölənlər ölümü bilməzlər, ölüm qalanlar üçündür. İndi ölümün adı gələndə səni xatırlayıram, əvvəllər həyatla bağlı düşündüyüm kimi. Bir müdrik deyib ki, öləndən sonra qəbrimi yerdə axtarmayın. Qəbrim müdriklərin qəlbindədir. Hər kəsin qəlbində bir məzarın var, bəy!
Ölüm əslində köhnə bir şeydi, sən onu bizlər üçün təzələdin. Önündəki qədər, arxanca kədərə döndü. Canını götürsən də, ruhun bizimlə qaldı. Sənə iki şeir ərməğanımız olsun!
ELBƏYİ
SƏNDƏN ÖTƏRİ
Allahverdi Gündoğduya
Bizim ömrümüzdə çaylar vardı. Sularında xəyallarımızı axıdardıq. Bizim ömrümüzdə dostlarımız vardı, günlərimiz ayrı keçəndə üzülərdik…
Eşq olsa, dağ yarıb, cücərdər dəni,
Bir toxum boylanar gündən ötəri.
Tərlan ucalıqdan seçər zərrəni,
Toru görməz olar, dəndən ötəri.
Dünəni satmışıq, sabah ya qismət,
Gecəsi zülmətdi, gündüzü zillət,
Bu gün də əllərdən uçacaq əlbət,
Zaman əbədidir, bəndə ötəri.
Ha çarpış, gedəcək vaxtı dolanlar,
Səninki deyilmiş, sənin olanlar,
Bir lal qara daşmış sənə qalanlar,
Söylə, dərd varmıdır, bundan betəri?
Yanaraq kül olub, bu ocaq sönmüş,
Sənin hüzurunda köz, yaşa dönmüş,
Bir məzar üstündə, «ay daşa dönmüş»,
Yaman darıxmışıq səndən ötəri…
Türk şairi Serdar Tuncer sanki bu şeri bu gün üçün yazıb. Ruhuna ərmağan olsun, Vətən oğlu. Dərdləri Gündoğduya daşıyan adam…
AĞLADIM
Ağlıma düşdü sözlərin,
Boynumu bükdüm ağladım.
Əlvida dediyin yerin,
Yanına çökdüm ağladım.
Oturduq sanki göz-gözə,
Xəyallarınla diz-dizə,
İki çay söylədim bizə,
Bir siqar çəkdim ağladım.
Atəşdin, su idin, çaydın,
Olmazdın, bunca olsaydın,
Yalnızdın və yanımdaydın,
Sanma ki, təkdim, ağladım.
Cahanda sənsizlik qədər,
Nə bir dərd, nə də çilə var.
Sənsizlikdə sən vardın, yar,
Mən məndə yoxdum, ağladım.
Anılar gəzdi qanımda,
Səni aradım yanımda,
Təsbeh kimi hər anımda,
Həsrəti çəkdim, ağladım..
Hər sevən boyun əymiş,
Ayrılıq nə yaman şeymiş,
Gözdən yaş tökmək nəymiş,
Gözümü tökdüm, ağladım.
İçim qərib, könlüm darda,
Gözlərim qarşı divarda,
Mən hər axşam aynalarda,
Üzünə baxdım, ağladım.
Sirrinə yetincə heçin,
Mən sən oldum bitdi neçin,
Yanağına dəymək üçün,
Gözümdən axdım, ağladım…