KƏRBƏLA SAKA MƏNŞƏLİ TOPONİMDİR…

680-ci il oktyabrın 12-də İslam tarixinin ən ağır faciələrindən biri baş verdi. Həmin gün İraqın Kərbəla adlı məntəqəsində Muhəmməd Peyğəmbərin (570–632) əziz nəvəsi İmam Hüseynin (626–680) cəmi 73, bəzi mənbələrə görə isə, 145–150 nəfərdən ibarət dəstəsi Əməvilərin ikinci xəlifəsi Yezidin (645–683) böyük ordusu ilə döyüşə girdi. İmam Hüseyn və tərəfdarları düşmənə inadlı müqavimət göstərərək cəng meydanında əllərində silah şəhid oldular.

Kərbəla fəlakəti İslam tarixində çox dərin iz qoymuşdur. On dörd əsr keçməsinə baxmayaraq insanlar bu hadisəni unutmur, onun müxtəlif aspektlərini təhlil edir, səbəblərini tapmağa, bugünədək davam edən fəsadlarını aradan qaldırmağa çalışırlar. Faciə ilə bağlı ən kiçik detal da diqqətdən kənarda qalmamış, ətraflı araşdırılmışdır. Tədqiqatçılar belə qənaətə gəlmişlər ki, qanlı qırğının baş verdiyi ərazinin Kərbəla adlanması təsadüfi deyildir. Məhz buna görə də həmin toponimin mənasını izah edən müxtəlif fərziyyələr irəli sürülmüşdür.

Müsəlmanların bir qisminin fikrincə, Kərbəla yer adı “kərb” və “bəla” (əzab, əziyyət, bəla) sözlərindən ibarətdir. Fərqli variantlar da mövcuddur. Məsələn, coğrafiyaşünas Yaqut əl-Həməvinin (1178–1229) ehtimalına görə, qədim ərəb dilində “kərbəlah” sözü “yumşaq torpaq” mənasını verirmiş. Lakin bir məsələni də qeyd edək ki, Yaqut əl-Həməvi xəvaric məzhəbinə mənsub olmuş, İmam Əliyə (601–661) və onun nəslinə şiddətli ədavət bəsləmişdir.

Toponimin fars dilindəki “kaar” və “bolo” (çalışmaq, işləmək) sözlərindən yarandığı da deyilir. Digər fərziyyəyə əsasən, bu yerin adı arami dilindəki “kora” (kərpic düzəldilən yer) sözü ilə Babil ölkə adının birləşməsindən əmələ gəlmişdır. Guya onun ilkin forması Korababil, yəni “Babil üçün kərpic düzəldilən yer” olmuşdur. Amma razılaşaq ki, Kərbəla və Korababil adları arasında bənzərlik tam deyildir.

Ənənəyə sadiq qalaraq biz də bu qənaətindəyik ki, Kərbəla çölünün adı ilə Əhli-Beytin faciəsi arasında müəyyən bir bağlılıq mövcuddur…

Tarixdən bəllidir ki, qədim parfiyalıların mənsub olduğu day tayfası saka xalqının bir hissəsi idi. Maraqlıdır ki, vaxtı ilə day tayfasının köç etdiyi ərazilərdə – Qazaxıstan Respublikasının qərbində bugün qazax xalqının aday adlı çox qədim və olduqca döyüşkən bir tayfası yaşayır.

Diqqət yetirsək görərik ki, qazax etnonimi özündə qədim saka xalqının adını qoruyub saxlamışdır: Qazax – kay-sak. Onu da vurğulayaq ki, ruslar qazaxları XX əsrin əvvəllərinədək məhz «киргис-кайсак» (qırğız-kaysak) adlandırmışlar.

“Kayı” sözü qədim türk dilində “möhkəm”, “güclü”, “qüdrətli” kimi anlamları ifadə edirdi. Bu isə o deməkdir ki, kaysak etnonimi “böyük sak” kimi tərcümə edilə bilər. Onu da xatırladaq ki, qədim yunanlar indiki Qazaxıstan çöllərində yaşamış köçəri xalqı massaget adlandırırdılar.

Fərziyyələrdən birinə görə, massaget sözü qədim yunan dilində “böyük sak xalqı” mənasını verirmiş. Bu fikri qüvvətləndirən həm də odur ki, qədim yunan tarixçisi Herodot (e.ə. 484–425) massagetləri məhz böyük və qüdrətli bir xalq kimi təsvir etmişdir.

Qədim saka xalqının əsas tayfalarından birinin adı Bisütun yazılarının elam və qədim pars variantlarında “tiqraxauda sakaları” kimi qeyd olunmuşdur. “Tiqraxauda” sözü qədim dillərdə “şiş, dik ucluqlu papaq” anlamını ifadə edirdi. Onun ilkin forması akkad dilində “Karballatu” olmuş, arami dilində “Karbələ” şəklini almışdır.

Ehtimala görə, qədim dünya dövlətlərinin ordularında xidmət etmiş saka döyüşçülərinin bir hissəsi ailələri ilə birlikdə Kərbəla çölündə yerləşdirilmiş, “Kərbəla” toponimi saka xalqının “tiqraxauda” tayfa adının akkad dilinə tərcüməsi nəticəsində ortaya çıxmışdır. Bu yerdə Yaqut əl-Həməvinin fərziyyəsinə – “Kərbəla” toponiminin “kərbəlah” – “yumşaq torpaq” sözündən yaranması barədə ehtimala bir daha qayıdaq…

Məsələ burasındadır ki, müasir Saxa dilində “bataqlıq yer” mənasını verən “xarbalax” sözü vardır. Rusiya Federasiyasının Saxa Respublikasının Taatta ulusunun iri kəndlərindən birinin və yaxınlıqdakı gölün adı belədir: Xarbalax.

Saxa Respublikasındakı bu toponim iki sözün birləşməsindən yaranmışdır: Xar (Azərbaycan dilindəki “xar” və “xarlanmış” sözləri ilə eyni kökə malikdir) və balax (qədim türk dilində “balik” – “şəhər”, “yer”).

Onu da qeyd edək ki, Azərbaycan dilindəki “xar” və “xarlanmış” sözləri ilə ərəb dilindəki “xarab” sözünün də mənşəyi eynidir. Hər üç söz keyfiyyətin aşağı düşməsini və ya itməsini bildirir. Məsələn, “filankəs xar oldu”, “bal xarladı”, “əşya xarab oldu”. Saxa dilindəki «xar» (bataqlıq) sözü isə dilimizdəki «xarlanmış» sözünə daha yaxındır.

P.S. “Yumşaq torpaq” (kərbəlah) və “bataqlıq yer” (xarbalax) sözləri arasında semantik yaxınlıq mövcuddurmu? Mülahizə yürütməyi oxucunun ixtiyarına buraxırıq…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Bu xəbəri paylaşın: