Müharibə veteranları ölkə rəhbərinin çıxışını rəğbətlə qarşılayıblar

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə müharibə veteranları tərəfindən rəğbətlə qarşılandığını xəbər vermişdik.

Füzuli Rzaquliyev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri yazır…



Dəfələrlə qeyd etdiyim bir fikri bir daha təkrarlamaq yerinə düşər: «Prezident İlham Əliyev yeganə liderdir ki, Qarabağdakı separatçı rejimə olan mövqeyi dəyişilməz olaraq qaldı. O, bir Ali Baş Komandan kimi hakimiyyətdə olduğu ilk gündən bu günədək düşmənlə bütün döyüşlərdən yalnız qələbəylə çıxdı. Hətta daxildəki təxribatları belə öz dühası və strateji qabiliyyəti ilə neytrallaşdırdı. Ən başlıcası odur ki, bir Ali Baş Komandan kimi İlham Əliyev düşməni çox yaxşı tanıyır, hətta bu gün özünü «siyasətçi» elan etmiş və Müzəffər Ali Baş Komandanın yürütdüyü hərbi-siyasi xəttə qısqancasına və həsədlə baxanlar belə bu həqiqəti etiraf etməyə məcbur oldular.


Biriləri Laçın şəhərinin və bəzi kəndlərin işğaldaqalmasından, biriləri erməni həyasızlığına züy tutaraq statusdan və biriləri isə qanunsuz erməni hərbi birləşmələrinin ərazidə qalmasından dəm vururdular. Bütün bu məsələlərə Komandanımız İlham Əliyev bir daha heç bir korrektəyə yol vermədən aydınlıq gətirdi: «Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir.


Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır”.

Erməni yalanlarını hələ də bu ölkədə həqiqət kimi yayan bir sürü xainin statusla bağlı iradlarına dolğun cavab verən prezidentimiz bir daha bəyan etdi: «Əgər Qarabağda kimsə yenə də, bilmirəm, hansısa populizm naminə, yaxud da ki, indi, necə deyərlər, kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol. Bu hadisələr onu göstərdi ki, biz yenə də anlayışla yanaşdıq. Biz deyə bilərdik ki, yox, ayın 5-idir vəssalam, çıxın gedin, biz gəlirik, dururuq, kim bizi dayandıra bilər? Heç kim bizi dayandıra bilməz. Yüz minlik ordunu kim dayandıra bilər? Özü də Laçın yolu bizim ayağımızın altında. Etmədik onu. Nə üçün? Çünki bizdən xahiş etdilər. Biz də dedik ki, yaxşı gözləyək, ayın sonuna qədər».


Bunca açıq və qətiyyətli cavabı anlamayan zavallılar bizdən ola bilməzlər. Hər birimiz ölkə rəhbərinin ətrafında daha sıx birləşərək hərblə başlatdığımız bu tarixi missiyanı başa çatırmağa borcluyuq. Bu ölkənin liderini qoyub, biri «ağasına», biri «qağasına» xidmət edənlərə bu ölkədə yer yoxdur. Bu gün dünya bizim liderə qibtə ilə yanaşır. Görün suyumuzu içib, çörəyimizi yeyən bu xainlər kimlərə xidmət edirlər? Bunlar 90-cı illərdə də, bu gün də eyni ampuladadırlar. Sadəcə bu ölkənin onlara verdiyi hər şey onlara haram olsun.

Bir daha bildirirəm ki, 87 minlik Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) hər bir üzvü ölkə rəhbərinin çıxışını rəğbətlə dinlədi və öz lideri, komandanı ilə bir daha qürur duydu.


Var ol, Komandan! Qarabağ Azərbaycandır!»

Bu xəbəri paylaşın: