Həbs edilənlər və işdən çıxarılanlar var

Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron rayonunda əməliyyat keçirib.

Unikal.org-un verdiyi məlumata görə, Abşeron rayon İcra Hakimiyyətinin  Memarlıq İdarəsinin rəisi Akif Əliyev,  2 saylı Mənzil İstismar Sahəsinin rəisi Murad və  Babək adlı şəxslər  həbs olunub.

Lakin bu xəbəri Baş Prokurorluğun Mətbuat Xidmətindən gələn məlumat təkzib edir.

«Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılıb».


Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumatda deyilir:


«Bildiririk ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur.


Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur», Mətbuat Xidmətindən bildirilib.

*****

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Göygöl rayon şöbəsinin rəisi Nazim Cəfərov tutduğu vəzifədən azad edilib.

Baku.ws-in bölgə müxbirinin verdiyi məlumata əsasən, şöbə rəisinin fəaliyyətində ciddi qanun pozuntularına yol verdiyi bildirilir.

Bundan əlavə, onun fəaliyyətinin yoxlanılmasına başlanılıb.

İlkin məlumata görə, Nazim Cəfərov Özünü Məşğulluq Proqramının Göygöl rayonunda icrası zamanı yol verdiyi qanun pozuntularına görə işdən kənarlaşdırılıb.

Bu xəbəri paylaşın: