Gəncə şəhərində Zəfər Forumu keçirilib.
Forumun işində Gəncə, Mingəçevir, Yevlax, Naftalan şəhərlərini, Kəlbəcər, Göygöl, Samux, Daşkəsən, Goranboy və Xocalı rayonlarını təmsil edən şəhid ailələrinin, mübaribə iştirakçılarının, şəhər və rayon fəallarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunan Forum Gəncə Dövlət Filarmoniyasında keçirilib.
Tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, adları qeyd olunan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

Qonaqlar tədbirdən öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq növbəti Zəfər Forumunun Gəncədə keçirilməsindən məmnunluq duyduğunu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət nümunələrindən söhbət açıb.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək Zəfər Forumunun Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını, 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinin erməni təcavüzkarlarının xaincəsinə törətdikləri terrorlara qarşı sarsılmaz dözüm və qəhrəmanlıq nümayiş etdirdiyini vurğulayıb.

O, Birinci vitse-prezident Mehriban Əliyevanın Ermənistanın Gəncədə törətdiyi terror aktı zamanı paylaşdığı sözləri xatırladıb: “Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!”.
V.Quliyev Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sıx birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə olunan qələbənin tarixi inkişafımızda və yüksəlişimizdə yeni mərhələnin uğurlu başlanğıcının əsasını qoyduğunu bildirib. Eyni zamanda, Prezident İlham Əliyevin diplomatik cəbhədə və informasiya müharibəsində əzmkar fəaliyyətini, müdrik və uzaqgörən dövlət xadiminin qətiyyətinin təcəssümünü xüsusi qeyd edib.
P.S. Forumun işində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə, Göygöl, Kəlbəcər, Mingəçevir şəhər və rayon şöbələrinin sədrləri Həbib Hüseynov, Ramiz Əliyev, Mübariz Rüstəmov və üzvləri iştirak etmişlər.
Mənbə: Report



