Şəhid Ailələrinə “Qayğı” Cəmiyyəti tərəfindən çəkilmiş «Şəhid Taleyi» filminin nümayişi keçirilib

Sumqayıt Dövlət Universitetinin Akt zalında Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyəti tərəfindən çəkilmiş «Şəhid Taleyi» filminin nümayişi keçirilib.

450 nəfərin iştirak etdiyi film nümayişi barədə Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi Müşfiq Əliyev məlumat verib.

M. Əliyev bildirdi ki, bu layihə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə həyata keçirilib və layihənin məqsədi barədə ümumi məlumat verdi. Sonra qeyd etdi ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi və onların tarixi xidmətlərinin və qəhrəmanlıqlarla dolu həyat yollarının işıqlandırılması vacibdir.

Filmin nümayişində Millət vəkili Hicran Hüseynova, Müşfiq Məmmədli, Emin Hacıyev, SDU-nin rektoru Elxan Hüseynov, Prorektor Elmar müəllim, «FRED ASİF FONDU»nun sədri Ədalət Məhərrəmov, Vətən Müharibəsi Əlillərinə Qayğı İB-nin sədri Firudin Məmmədov, Xocalı Soyqrımı Tanıtma İB-nin sədri Şamil Sabiroğlu, AVMVİB Sumqayıt şəhər şöbəsinin sədri Temuraz Mansurov, AVMVİB Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov, AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, Respublika Şəhid Ailələrinə «QAYĞI» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov, xalqımızın sevimli muğam ustası Elgiz Əliyev, Aktyor, QAYĞI cəmiyyətinin mədəniyyət şobə müdurü Şirzad Pirallahi, aparıcı, şairə Nazlı xanım və başqa tanınmış ictimaiyyət nümayəndələri iştirak etdilər.

Filmdə söz açılan şəhidlər Rzayev Nadir Sabir oğlu (1974-1994) və Rzayev Nadir İlqar oğlu (1994-2020) bir qəhrəmanlıq yolunun davam etdirildiyini və xalqımızın azadlıq uğrunda apardığı mübarizəni simvollaşdırır. Tarixi ənənə kimi qəhrəmanlığımız nəsillərdən nəsillərə ötürülür. Çıxış edənlər buna diqqət çəkərək 44 günlük Vətən müharibəsində belə qəhrəmanların sayəsində tarix yazıldığını dilə gətirdilər.

Filmdən razı qalan şəhid ailələri Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərlərinə, Vüsal Quliyevə, Aygün Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: