Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub.
BAKU.WS xəbər verir ki, açılışı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edib.
Dövlət başçıları hava limanının rəsmi açılışını bildirən rəmzi lenti kəsiblər.
***13.04
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Zəngilan Beynəlxalq Hava Limanında R.T.Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.
***12.40
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.
R.T.Ərdoğanın olduğu təyyarə Zəngilan Hava Limanına eniş edib.
Bununla da Türkiyə prezidenti Zəngilan aeroportuna gələn ilk xarici dövlət başçısıdır.
***11:32
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
BAKU.WS xəbər verir ki, Türkiyə lideri bu gün Zəngilan hava limanının açılışında iştirak edəcək, habelə bir sıra tədbirlərə qatılacaq.
Səfər çərçivəsində Türkiyə prezidentini Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və digər nazirlər müşayiət edəcək.
Xatırladaq ki, Türkiyə lideri oktyabr ayında Füzuli hava limanının açılışında da iştirak etmişdi.
***09:14
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Azərbaycana birgünlük səfər edəcək.
BAKU.WS «TRT Haber»ə istinadla xəbər verir ki, R.Ə.Ərdoğan İlham Əliyevlə birlikdə işğaldan azad edilmiş Azərbaycan ərazisində Türkiyə şirkətlərinin də iştirakı ilə inşa edilən ikinci aeroportun — Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək və həmçinin regionun inkişafı üçün həyata keçirilən yeni layihələrin təməlini qoyacaq.
Səfər zamanı keçiriləcək ikitərəfli görüşlərdə Türkiyə ilə Azərbaycan arasında münasibətlərin bütün aspektləri ilə nəzərdən keçiriləcəyi və əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımların müzakirə olunacağı gözlənilir.
Həmçinin, ikitərəfli münasibətlərlə yanaşı aktual regional və qlobal problemlərin ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
