Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
Hərbi hissə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev hərbçilərlə görüşüb. Dövlət başçısı görüşdə nitq söyləyiərək maraqlı məqamlara toxunub.
Hər kəs üçün maraqlı olacağını nəzərə alaraq bəzi məqamları bir daha diqqətinizə çatdırırıq.
…Onu da bildirməliyəm ki, şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə mənim göstərişimlə dövlət tərəfindən mənzillər verilir və bu proqram icra edilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və biz bu vəsaiti ayırırıq. Bu günə qədər 1700 zabit bu proqramla əhatə olunub və onlara yaxşı mənzillər verilibdir. Mən bu yaxınlarda göstəriş verdim ki, bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər verilsin. Beləliklə, bu günə qədər olan vəziyyətə görə, bu proqramla əhatə olunan zabitlərin maksimum sayı təmin edilib. Mənə verilən son məlumata görə, təqribən 200-dən bir qədər çox zabit hələ növbədədir. Onların da mənzil problemləri həllini tapacaq. Hesab edirəm ki, bu da dünya praktikasında çox nadir hallarda müşahidə olunan mənzərədir. Burada da Azərbaycan ön sıralardadır, yeniliklər göstərir. Çünki Vətənə sədaqətlə və qüsursuz xidmət edən hərbçilər dövlət tərəfindən gərək yüksək təminatla əhatə olunsunlar. Hər bir insanın həyatında mənzil problemi çox önəmli məsələdir, biz onu da həll edirik. Ordumuza göstərilən qayğı bu məsələlərlə bitmir. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır. Xüsusilə deyə bilərəm ki, fərqlənmiş hərbçilər mükafatlandırılır. Bu da təbiidir…
…Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir. Bizim hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib və bu hərbi hissənin vəzifəsi məhz bundan ibarətdir. Biz bir neçə ölkədən hava hücumuna qarşı ən müasir qurğular əldə etmişik. Onların Azərbaycanda – bizim coğrafiyada bir-birinə inteqrasiya edilməsi də asan məsələ deyil. Çünki bizim hava hücumuna qarşı müdafiə sistemlərimiz, – bu, sirr deyil, bu məlumat artıq açıqlanıb, – həm Rusiya istehsalıdır, Belarus istehsalıdır, İsrail istehsalıdır, eyni zamanda, sovet vaxtından qalan qurğulardır və onlar da modernləşdirilib. Onları bir-birinə elə inteqrasiya etmək, elə yerləşdirmək lazımdır ki, bizim bütün strateji obyektlərimiz havadan qorunsun. Əlbəttə ki, böyük peşəkarlıq və vəsait tələb edir…
…Eyni zamanda, bizim döyüş təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var. Bu da bizim böyük potensialımızdır. Pilotsuz uçuş aparatları ən yüksək səviyyəli istehsalçıların istehsalıdır. Eyni zamanda, Azərbaycanda da bu istehsal təmin edilib…
…Ona görə mən sizə tapşırıram, bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin tarixi – həm qədim tarixi, həm də müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır. Çünki mən bunu dəfələrlə demişəm, əfsuslar olsun ki, biz real tariximizi bilməmişik. Günah da bizdə deyil, çünki belə oxumuşuq, bizə belə dərs veriblər. Sovet vaxtında tarix dərslərinin çoxu saxta idi. Azərbaycan xalqının düşmənləri qəhrəman kimi qələmə verilirdi. Quldur 26 Bakı komissarı dəstəsi qəhrəman kimi təqdim edilirdi. O dəstənin başında dayanan cinayətkar erməni millətçiləri qəhrəman kimi təqdim olunurdu. Onların adına rayonlar verilirdi, onlara abidələr qoyulurdu. Azərbaycan xalqının cəlladı Şaumyana abidə qoyulmuşdu, onun adı əbədiləşdirilmişdi. Biz bu tarixi görmüşük. Yenə də günah bizdə deyil. Sovet hakimiyyətinin tarixi bu idi. Müstəqilliyi quranlar düşmən kimi qələmə verilirdi. Azərbaycan Xalq Cümhuriyyəti antimilli qurum kimi qələmə verilirdi. Ancaq bizim müstəqilliyimizi əlimizdən alanlar, yerli satqınlar qəhrəman kimi qələmə verilirdi. Küçələrə onların adları verilir, onlara abidələr, monumentlər qoyulurdu. Bəlkə də yaddan çıxıb, Sahil bağında 26 Bakı komissarlarına abidə qoyulmuşdu. Mən fikirləşdim ki, bu, nə məsələdir. Bunlar Azərbaycan xalqının qanını axıdıblar, bizi məhv ediblər. Heç şəhərin mərkəzində belə abidəmi olar? O abidə də və o quldur dəstəsinin üzvlərinin abidələri də söküldü və düz də etmişəm. Bütün dini ayinləri gözləmək şərti ilə onların qəbirləri oradan köçürüldü. Ancaq bu, dözülməz idi ki, şəhərimizin mərkəzində Azərbaycan xalqının düşmənlərinə abidə ucaldılıb...
Ona görə mən deyirəm, bizim gənclər bu tarixi bilməlidirlər, qədim tariximizi bilməlidirlər. Bilməlidirlər ki, bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb, bugünkü Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməlidirlər. Mən gedirəm, haradasa xəritədə sonra dəyişdirilmiş erməni adlarını görürəm. Bütün yerli icra orqanlarına irad tuturam ki, bilmirsiniz, gedin soruşun. Fikirləşin nə yazırsınız, axı, bunun qədim Azərbaycan adı var. Bu, bizim torpağımızdır. Ona görə, bu sahəyə xüsusi diqqət göstərməliyik. Orduda xidmət edən hər bir gənc tərxis olunandan, mülki həyata qayıdandan sonra öz tarixini olduğu kimi bilməlidir…
…İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti aparır. Bu məsələ ilə əlaqədar mən artıq bir neçə dəfə öz fikirlərimi bildirmişəm, o cümlədən xüsusilə beynəlxalq tədbirlər çərçivəsində. Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşü çərçivəsində də bu məsələyə diqqət yetirdim. Biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq və qaldıracağıq. Qanunsuz məskunlaşmaya son qoyulmalıdır. Beynəlxalq ictimaiyyəti buna çağırırıq. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Çünki Ermənistanın siyasəti bundan ibarətdir. Onlar bizim şəhərlərin adlarını dəyişdiriblər. Əvvəlcə indiki Ermənistan ərazisində, indi isə Dağlıq Qarabağda və ətraf bölgələrdə. Orada yeni dırnaqarası sərhədlər çəkiblər, bizim tarixi keçmişimizi, məscidlərimizi məhv ediblər, tarixi abidələrimizi, torpaqlarımızı erməniləşdirmək istəyirlər. İndi qanunsuz məskunlaşma aparmaq istəyirlər, ancaq onlarda insan resursu olmadığı üçün çətinlik çəkirlər. Amma yenə də diaspor fəaliyyəti nəticəsində buna çalışırlar. Biz buna imkan verməyəcəyik, bunu hər kəs bilsin. Biz münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq. Beynəlxalq təşkilatlar indi ərazi bütövlüyü prinsipini xüsusilə qeyd edirlər. Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşündə çıxış edənlərin, dünya liderlərinin bir çoxları bu məsələyə aydınlıq gətiriblər. Ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür. Heç kimin bu haqda şübhəsi olmasın. Bütövlükdə Ermənistana və Dağlıq Qarabağ məsələsinə gəldikdə, öz müqəddəratını müəyyənetmə prinsipi işləmir, çünki erməni xalqı öz müqəddəratını bir dəfə müəyyən edib, onların erməni dövləti var, baxmayaraq ki, Azərbaycan torpağında yaradılıb. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına biz heç cür imkan verə bilmərik. Ancaq bir daha demək istəyirəm ki, ərazi bütövlüyü prinsipi bu gün üstünlük təşkil edir. Ona görə bizim mövqeyimiz beynəlxalq hüquq, tarixi ədalət baxımından mükəmməldir. Əlbəttə ki, münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır. Ancaq bayaq qeyd etdiyim kimi, dünyada güc amili ön plana çıxır və biz bu gücü toplamalıyıq, məsələni istənilən yolla həll etməliyik…
…Mən bir daha Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini bu gözəl bayram münasibətilə təbrik etmək istəyirəm. Sizə yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun.
