Bildiyimiz kimi, oktyabr ayının 3-də bir qrup senator anti-Azərbaycan qətnamə layihəsini Fransa senatına təqdim edib. Bu qətnamə noyabr ayının 15-də böyük səs çoxluğu ilə qəbul edilib. Senatın 6 üzvünün hazırladığı və baxılması 15 noyabr tarixinə təyin edilən qətnamə layihəsində Fransa hakimiyyətinin və digər Avropa İttifaqı ölkələrinin “Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək” çağırışı yer alıb, ölkəmiz Beynəlxalq Cinayət Məhkəməsi ilə təhdid edilib.
Bu qətnamə, azərbaycanlılardan «Ermənistan ərazisini tərk etmələrini» tələb edərək, məsuliyyəti bilərəkdən təhrif edir və digərinin üzərinə atır. Sözügedən sənəddə erməni əsirlərin ölkələrinə qaytarılmasını tələb edərək, erməni diversantlarının davamlı hücumlarına, Ermənistan hökumətinin Azərbaycan torpaqlarında basdırılmış minaların xəritələrini verməkdən imtina etməsinə məhəl qoymur, münaqişələr zamanı itkin düşmüş 4 min azərbaycanlının taleyinin müəyyən edilməsini nəzərə almır. Ukraynanı dəstəkləmək, eyni zamanda Rusiya qoşunları ilə çiyin-çiyinə döyüşən Ermənistanın tərəfini tutmaq paradoksu ilə də narahat deyil, baxmayaraq ki, Azərbaycan münaqişənin başlanğıcından Kiyevi dəstəkləyib və ona yardım göstərib. Təbii ki, Fransa parlamentarilərini bu acınacaqlı maskarada sürükləməyi bacaran erməni ekstremistlərinin istehzalı reklamı olan Senat epizodu, özünün islamofob daxili siyasəti, habelə, Qafqaz, Mərkəzi Asiya dövlətlərinə qarşı aşağılayıcı xarici siyasət aparan və bununla da getdikcə siyasi, mədəni, hətta, linqvistik baxımdan xalqlar arasında nüfuzunu itirən Fransanın öz fundamental prinsiplərindən üz döndərməsinin əksidir.
Qarabağdakı ünsürlərin Fransaya səfərinə və müxtəlif ərazi vahidlərinin, dövlət strukturlarının rəhbərləri, senatorlarla görüşünə şərait yaradılırsa, deməli, ortada rəsmi Parisin konkret mövqeyi var. Bu qanuna zidd hallara görə məsuliyyəti də məhz, Fransa rəhbərliyi daşıyır. Fransa milyonlarla müsəlmanın hüquqlarının pozulduğu, diskriminasiyaya məruz qaldığı bir ölkədir. Özünü guya haqqın tərəfdarı kimi təqdim edən Fransa rəsmiləri, senatorları və s. öz ölkələrində mövcud olan bu eybəcərliklər barədə niyə susurlar? İnsanlar haqlı şəkildə Fransanın anlaşılmaz siyasətindən narahatdırlar. Fransanın dəstəyindən bəhrələnən Ermənistan quruculuq işlərinə imkanlarını bərpa etmir, əksinə qarşıdurma meyillərinin gücləndiurilməsinə yönəldir. Fransa Ermənistanın xətrinə kobud şəkildə tələbkeşlik etməklə ikili standartların nə olmasını büruzə verir. Bu onu göstərir ki, Azərbaycan və Ermənistan münaqişəsində rəsmi Paris bütövlüklə ermənipərəst mövqe sərgiləyir. Ermənistanın mövqeyi, əlbəttə ki, səmimi deyil. Fransa da, Ermənistan da, Azərbaycanın siyasi, hərbi uğurlarını həzm edə bilmir.
Bu gün, Makron Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirib. O, Dağlıq Qarabağ münaqişəsinin həllindən məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən birinin rəhbəri kimi baş verən hərbi əməliyyatlarda tərəfləri təkcə sülhə dəvət etsəydi başa düşülən olardı, lakin Fransa prezidenti özünü həmsədr dövlətin rəhbəri kimi yox, işğalçı ölkənin sözçüsü kimi apardı, açıq şəkildə münaqişənin əsas səbəbkarının yanında yer aldı və rəhbərlik etdiyi ölkənin maraqlarını belə işğalçı Ermənistanın faşizm siyasətinə qurban verdi. Belə bir nəticəyə gəlmək olar ki, erməni diasporunun və lobbisinin Fransa xarici siyasətinə mühüm təsiri inkarolunmaz bir həqiqətdir…
Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin, yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!… Qarabağ Azərbaycandır!…

Hörmətlə, Müşfiq Əliyev
Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dəstək Agentliyinin Layihələr rəhbəri. Qarabağ qazisi.
