
VAHİD Abdurəhmanov
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini
Qəzada şəhid edilmiş insanlarımızı, xalqımızın ləyaqətli övladlarını rəhmətlə anıram. Məkanları cənnət olsun. Bu terror aktı Azərbaycan dövlətinin sarsıdılmasına yönəlmiş bir akt idi. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsusu “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub.
20 noyabr faciəsi nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da vertolyotda olublar. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün vertolyotdakı qara qutunu Rusiyaya göndərdilər. Ancaq qara qutudan heç bir səs-soraq çıxmadı…
Əvvəl rəsmi variant səsləndi: vertolyot dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və “Mi-8”i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin “Mi-8”in son uçuş tarixində həddindən artıq çox «ağ ləkələr» var.
Qəza zamanı bu şəxslər həlak olublar:
1991-ci il noyabrın 20-də “Mi-8” hərbi vertolyotunda həlak olanların siyahısı
Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi;
İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror;
Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri;
Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini;
Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili;
Vəli Hüsyn oğlu Məmmədov – millət vəkili;
Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri;
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini;
İqor Aleksandiroviç Plaviski – DQMB-nin prokuroru;
Vladimir Vladimiroviç Kovalyov — DQMB-nin Daxili İşlər İdarəsinin rəisi;
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi;
Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı;
Sanlal Dasumoviç Serikov – Qazaxıstan daxili işlər nazirinin müavini;
Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru;
Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant;
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi;
Alı Mustafa oğlu Mustafayev – telejurnalist;
Arif İsmayıl oğlu Hüseynzadə — AzTV-də işıqçı;
Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator;
Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri;
Gennadi Vladimiroviç Domov — vertolyot heyətinin üzvü;
Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü.
Biz müharibə veteranları olaraq şəhidlərimizi unutmuruq. Onlar da bu Vətən uğrunda öz canlarından keçiblər…
Məkanları cənnət olsun!
Bu gün, həm də Ağdam rayonunun Ermənistanın işğalından azad edilməsindən iki il keçir. Bu hadisə elə düşünürəm ki, azğın düşmənə verilən ən yaxşı cavabdır. Şəhidlərimizin qisaslarının alındığı bir gündür. Azərbaycan 44 günlük Vətən müharibəsində hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 20 gün ərzində 3 rayonu işğaldan azad edib.
2020-ci ilin noyabrın 20-də Ağdam torpaqlarını düşmən tərk etdi. Hazırda Ağdamda yenidənqurma işləri aparılır. Ən əsas problemlərdən biri Ağdamda basdırılan minalardır. Amma Azərbaycan dövləti xaraba qalmış Ağdamı dirçəltməkdə maraqlıdır və bu yöndə xeyli effektiv addımlar atır. Cənab Ali Baş Komandanımız İlham Əliyev dəfələrlə Ağdamda olub. Ağdamda infrastruktur yaradılır və Ağdam bəzi tədbirlərə belə ev sahibliyi edir. Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir.
20 Noyabr artıq 2 ildir ki, tariximizə artıq kədərlə sevincin əkizləşdiyi bir gün kimi daxil olub.
Qarabağ Azərbaycandır!