Sirri açılmayan hərbi cinayət — Qarakənd faciəsi

Qarakənd faciəsindən 31 il keçir.

Bu vaxtadək bu qəza da çoxları üçün müəmması açılmayan hərbi cinayətlərin sırasındadır. Mənfur düşmən o dövr üçün helikopteri vurmaq üçün silahı necə əldə etmişdi? Sonradan aparılan araşdırmalar nəticəsində məlum olub ki, Mi-8 N72 hərbi vertolyotu Amerika istehsalı olan Barret M82A1 silahından açılan atəşlə vurulub (Mərminin tərkibində birləşmiş uran izotopu U-238 olur). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla 2 km məsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları siradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silahın adı, həm də kütləvi qırğın silahları cərgəsindədir. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna “nüvə yanğını” da deyirlər. Bu yanğının dalğa zərbəsindən obyektin qalıqları partlayış mərkəzindən 500-600 metr uzağa dağılır.

Azərbaycan tərəfinin apardığı istintaq və gəldiyi nəticə isə təəssüf doğurur. » Azərbaycan Respublika Prokurorluğunun istintaq idarəsinin rəisi Adil Ağayev qeyd edirdi: «Kimsə helikopterə avtomat silahdan atəş açmışdı və helikopter zədələnmişdi. Atəş zamanı helikopter idarə edən pilot iki güllə yarası almışdı. Pilot aldığı güllə yarası nəticəsində helikopteri idarə edə bilməmiş, yerə düşərək partlamışdı». Tam bir «Məlikməmməd» nağılı.

Avtomatla vurulan helikopter qəza enişi edə bilir. Digər tərəfdən isə 300 metr hündürlükdə uçan helikopterin pilotunu nişan alıb vurmaq inandırıcı deyil. Vertolyotun qara qutusunu da Lazutikin ələ keçirir. Hərbi prokuror qara qutuya toxunmağı qadağan edir və belə bir məlumat yayır ki, qara qutu «istidən», «yanğından», «partlayışdan» zədələnib sıradan çıxıb, əriyib. Bu qutunun əriməsinə isə 38000 dərəcə istilik lazımdır. Bu yalanı isə erməniylə yaxılığı bilinən İstintaqı Xankəndindəki rus hərbi qarnizonu hərbi prokuroru, polkovnik-leytenant İ. Lazutikinə tapşırılmışdı. Onun anası Emilya Baqdasaryan Axalkalakidə anadan olmuş, İ. Lazutikin özü isə 1989-cü ilədək Cavaxetiyada işləyib. Bizim mütəxəssislərimizi isə yaxına buraxmadılar. Deyilənə görə qara qutu Gəncədəki vertolyot təmiri zavodunda aşkarlana bilərdi. Digər bir tərəfdən isə avtomat silahla vurulmuş bir obyektdəki yanğının miqyası qara qutuya ziyan vura bilməzdi. Qara qutunun aradan çıxarılması isə bir başa KQB üslubudur…

Qarakənd faciəsi adlanan 20 noyabr 1991-ci ildə Xocavənd rayonu Qarakənd kəndi və Ağdam rayonunun Mərzili kəndi yaxınlığında erməni separatçı quldur dəstələri tərəfindən Azərbaycan hərbi helikopteri, məhz bu silahla vuruldu.

O zaman verilmiş məlumatlara görə, Qarakənd üzərindən 300 metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin nə qədər maraqlı olsa da bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər bölümündə, saat 15:30-də yayımlanmışdı. Həmin gün İrəvan radiosu saat 16:15-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqlamışdılar.

Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, Dövlət müşaviri, sabiq Daxili İşlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev kimi dövlət və hökumət rəhbərləri var idi. Bu qəza nəticəsində 22 nəfər həlak olub.

Faktiki olaraq bu xadimlərin uçuşunu Moskva sifariş etmişdi. Yəni işin içində SSRİ DTK izi görünəndir. Çünki adları çəkilən şəxslər xalqa yaxın adamlar idilər və nüfuzları vardı. Mixail Qorbaçovun şəxsi köməkçisi 1991-ci il noyabrın 18-də Kremldən Bakıya zəng vurur. Respublikanın Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsinlər. Çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Erməni-rus işbirliyi bunca açıqkən yenə də günahkarları öz içimizdə axtarmaqdayıq…
Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur.


Düşmən hər zaman kimliyindən asılı olmadan hər bir azərbaycanlını qətlə yetirməyə hazır olacaq dərəcədə mənfur düşməndir. Bunu unutmayın.


Allah qəzada həlak olmuş görkəmli soydaşlarımıza rəhmət eləsin!

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: