İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə xidmətimi Füzuli rayonunun Yuxarı Veysəlli kəndində davam elədim. Mövqelərimiz Rusiya sülhməramlıların məsuliyyət zonasında qalan Xocavənd rayonunun Çartar kəndi ilə üzbəüz idi. Xidməti fəaliyyətimizlə əlaqədar olaraq, dəfələrlə Rus hərbçiləri ilə təmasda olmuşuq. Onların suyu olmayanda icazə alıb yanımızdakı bulaqdan su götürüblər, və yaxud bizim siqaretimiz olmayıb onlardan siqaret gedib istəmişik. İki fərqli ordunun hərbi qulluqçuları olaraq bir-birimizə qarşılıqlı hörmət edərək xidmətimizi aparmışıq. Bir çox məqamda fikir vermişəm, üç tərəfində (Azərbaycan, Rus, Erməni) hərbi qulluqçuları bir araya gələndə, ermənilərə üstdənaşağı baxıblar bizə isə rəğbətlə və hörmətlə nəzər salıblar. Bir dəfə dözməyib kapitan rütbəli bir hərbçidən bunun səbəbini soruşanda belə bir cavab verdi «Biz Ruslar həqiqi qəhrəmanlara dəyər verməyi bacarırıq, qalibləri sevirik, məğlubları isə…» Ardından çox ağır bir ifadə işlətdi və güldü. Bu məqamda yadıma «Qatır Məmməd» filmindən bir epizod düşdü: «Bizdə mərd adamın adı mərd qalır, namərdin qəbrinidə daş-qalaq eliyirlər» Odur ki bu yazımda bacardıqım qədər dəqiq, qərəzsiz və vicdanlı olmaqa çalışacaq, sülhməramlılar haqda bildiklərimi, gördüklərimi olduğu kimi çatdıracam.
Əvvəlcə sülhməramlı kontingentin tərkibi, strukturu və fəaliyyətləri haqqında bir neçə cümlə qeyd etmək istəyirəm. 15-ci Əlahiddə Qvardiya Motoatıcı «Aleksandriya» briqadası (90600 saylı hərbi hissə) Rusiya Federasiyası Silahlı Qüvvələrinin tərkibindəki yeganə sülhməramlı hərbi birləşmədir. Quru Qoşunlarının Mərkəz hərbi dairəsinin 2-ci ordu birliyinə daxildir. Briqada həmçinin BMT mandatında beynəlxalq sülhməramlı kontingentin tərkib hissəsidir. Dislokasiya məntəqəsi Rusiya Federasiyasının Samara vilayətinin Volqa rayonunda, Roşinski şəhər tipli qəsəbəsindədir. Briqadanın komandiri Polkovnik Andrey Sergeyeviç Maruşkindir.
Hərbi hissə 1 fevral 2005-ci ildə Rusiya müdafiə nazirinin əmri ilə yaradılıb. 2005 — 2008-ci illərdə briqadanın bölmələri Gürcüstan ərazində, Abxaziya və Cənubi Osetiya münaqişə zonasında sülhməramlı missiya fəaliyyəti icra eliyib. Həmin bölmələr həmçinin 2008-ci ilin avqust ayında baş vermiş Rusiya — Gürcüstan müharibəsində də iştirak edib. 2008-ci ilin dekabr ayında bütün hərbi qulluqçular Samaraya, öz daimi dislokasiya məntəqələrinə qayıdıblar.

Briqada döyüş hazırlığı baxımından Rusiya ordusunda qabaqcıl sıraları tutur. Fərqli xüsusiyyəti isə bu hərbi hissədə yalnız müqaviləli hərbi qulluqçuların xidmət etməsidir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bu birləşmədə xidmət edə bilməzlər. Briqadanın şəxsi heyətinin sayı dəqiq bilinmir, ancaq təxmini olaraq 4500-5000 nəfər hərbi qulluqçunun olduğu güman edilir. Etnik cəhətdən şəxsi heyət arasında Rus, Tatar, Ukraynalı və Şimali Qafqaz əsilli hərbi qulluqçular üstünlük təşkil edir.
Rusiya tərəfinin təkzib etməsinə baxmayaraq, briqadanın bəzi bölmələri 2014 — 2016-cı illərdə Şərqi Ukraynada; Donbass bölgəsində fəaliyyət göstərib. Konkret olaraq briqadanın hərbi qulluqçuları Luqansk vilayəti ərazisində, LXR qüvvələri ilə birgə döyüş tapşırıqları yerinə yetiriblər. Aldığım məlumatlara əsasən Luqansk vilayəti ərazisində olduqları 2 il ərzində, briqadanın şəxsi heyətindən 37 nəfər döyüş əməliyyatları zamanı həlak olub.
4 noyabr 2019-cu il tarixində, briqada «Aleksandriya» fəxri adını alıb. Fəxri ad vaxtikən Samara quberniyası ərazisində olmuş (1773-1918) Çar ordusunun 5-ci Aleksandriya Qusar (yüngül süvari hərbi sinifi) alayının şərəfinə verilmişdir. Bu tarixdən etibərən qeyri-rəsmi olaraq hərbi hissənin ləqəbi «Чёрные Гусары» yəni «Qara Qusarlar» olmuşdur. Həmçinin həmin tarixi alayın döyüş bayrağı da, hərbi hissəyə yeni döyüş bayrağı kimi təqdim edilmişdir.

10 noyabr 2020-ci il tarixindən briqadanın bölmələrinin bir hissəsi Ulyanovsk aeroportu vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinə köçürülüb. Bu tarixindən etibarən briqadanın bəzi hissələri Samara vilayətində, bəzi hissələri isə Qarabağ ərazisindədir.
2022-ci ilin yanvar və fevral aylarında briqada hissələrinin həm Samaradan həm də Qarabağdan çıxarılıb, Rusiya Federasiy
asının Bryansk vilayəti ərazisində cəmləşməsi müşahidə edilmişdir. 24 fevral 2022-ci il tarixində bu hissələr Bryansk vilayəti ərazisindən Ukraynanın Çerniqov vilayəti ərazisinə doğru genişmiqyaslı hücum əmaliyyatında iştirak etmişlər. Çerniqov vilayətinin Nejin şəhəri başda olmaqla bir neçə strateji əhəmiyyətli kəndin tutulması bilavasitə 15-ci briqadanın fəaliyyətidir. Müharibənin gedişində Rus ordusunun əsas canlı və texniki itkiləri taktiki səhvlər nəticəsində ilk həftələr ərzində verilmişdir. Bu cəhətdən 15-ci briqada da, müharibə ərzində əsas itkilərini Çerniqov vilayətində vermişdir. Onu da qeyd etməkdə fayda var ki, müharibə boyu briqadanın cəmi 8 hərbi qulluqçusu Ukrayna Silahlı Qüvvələrinə əsir düşüb ki həmin hərbçilərdə Çerniqov vilayətində əsir düşüb.

2022-ci ilin mart — aprel ayları ərzində, Rusiya Müdafiə Nazirliyinin və Baş Qərargahının əmrinə əsasən bütün Rus qoşunları Kiyev ətrafı ərazilərdən Belorusiya ərazisinə və Rusiya — Ukrayna dövlət sərhədinə doğru geri çəkikməyə başladı. 15-ci briqada da bu əmrə müvafiq olaraq Bryansk vilayətinə doğru geri çəkildi. Aprel ayı ərzində briqada Rusiya Federasiyasının Belqorod vilayəti ərazisində cəmləşib Samara və Qarabağdan gələn ehtiyyat qüvvələrin hesabına komplektləşdi. Aprel ayında Belqorod vilayəti ərazisindən Ukraynanın Xarkov vilayəti ərazisinə doğru həmlələrə başladılar. Həmin ayda Xarkov vilayətinin strateji əhəmiyyətli İzyum şəhərinin və ətraf yaşayış məntəqələrinin nəzarətə götürülməsində fərqlənən əsas birləşmələrdən biri oldular. Bu münasibətlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 9 may 2022-ci il tarixində briqadaya «Qvardiya» fəxri ünvanı verdi. Həmçinin müharibənin davam etdiyi on ay ərzində briqadanın şəxsi heyətindən bir nəfər «Rusiya Qəhrəmanı» adını alıb ki, o da İzyumun alınmağında fərqlənən, şəhər uğrunda gedən döyüşlərdə həlak olan tank ekipajının komandiri, vaxtikən Xocavənd rayonunda xidmət etmiş, milliyətcə Tatar Türkü olan Baş Leytenant Dəmir Şaymərdanovdur.
Aprel ayından sonraki dövrdə briqada elə Xarkov vilayəti ərazində döyüş tapşığı yerinə yetirib. Cari ilin sentyabr ayında Ukrayna ordusunun Xarkov vilayətində geniş əks hücum əməliyyatı başladı. Balakleya şəhəri döyüşlə verilsə də, Ruslar mühasirəyə düşmək riskinə qarşı İzyum şəhəri və ətrafından çəkilməyə məcbur oldular. Ukraynanın Xarkovdakı əks hücumu Kupyansk şəhəri ətrafında dayandırıldı ki, bu da 15-ci briqadanın fəaliyyəti nəticəsində oldu. Bu gün Xarkov vilayətinin Rusiya nəzarətində qalan hissəsi də elə Kupyansk ətrafı ərazilərdir.
Sentyabr ayından etibarən briqada Xarkov cəbhəsində, Kupyansk istiqamətində müdafiə mövqelərində qərar tutdu. Həmin ayda Rusiyada başlanan qismən səfərbərlikdən sonra tədricən 15-ci briqada Xarkov ərazisindəki mövqelərini səfərbərliklə gələn bölmələrə təhvil verməyə başladı. Oktyabr ayı ərzində briqadanın həm Samaradan gələn bölmələri həm də Qarabağdan gələn bölmələri Donetsk vilayətinin Yampol qəsəbəsi ərazisindəki mövqelərə yerləşdirildi. Lakin bir aydan sonra yuxarı komandanlıqdan gələn əmrə əsasən Samaradan gəlmiş bölmələr mövqelərində qalır, Qarabağdan gələn bölmələr isə doqquz aydan sonra öz xidmət yerlərinə, yəni Qarabağ ərazisinə geri qayıdırlar. Beləcə bu ilin noyabr ayında Qarabağdakı Rusiya sülhməramlı kontingentinin, Ukraynada döyüşən bütün bölmələri yerlərinə qayıtdı. Təxliyyələri Rostov vilayətindən hava nəqliyyatı ilə Ermənistana — İrəvan yaxınlığındakı Erebuni aerodromuna, ordan da quru yolu ilə, Laçın dəhlizi vasitəsilə Qarabağ ərazinə olmaq surətilə icra olundu.
Briqadanın ştat quruluşu:
Qərargah
3 motoatıcı tabor
Tank taboru
Zenit raket diviziyonu
Zenit raket artilleriya diviziyonu
Kəşfiyyat taboru
Mühəndis istehkam taboru
Rabitə taboru
Təmir bərpa taboru
Maddi texniki təminat taboru
Snayper bölüyü
Radiasiya, kimyəvi və bioloji müdafiə bölüyü
Pilotsuz uçuş aparatı bölüyü
Radioelektron mübarizə bölüyü
Komendant bölüyü
Tibb bölüyü
İdarəetmə və artilleriya kəşfiyyatı batareyası
Nəzarət və radar kəşfiyyatı tağımı
İdarəetmə tağımı
Təlimatçılar tağımı
Poliqon
Orkestr
Briqadanın silahlanması hərbi sirr olaraq qalır. Tam dəqiq olmasa da, bəzi mənbələrdən aldığım məlumata görə briqadanın silah arsenalı təxmini olaraq aşağıdakı şəkildədir, ancaq şəxsi qənaətim və hesablamalarıma görə real rəqəmlər birneçə dəfə üstündür, həmçinin əlavə olaraq bizə məlum olmayan bir neçə müxtəlif təyinatlı texnika da mövcuddur:
T-72 BM tankı — 40 ədəd
T-72 BK tankı — 10 ədəd
BTR 82 AM — 130 ədəd
BTR 80 — 10 ədəd
MTLB — 35 ədəd
BRDM-2 — 5 ədəd
PODNOS minaatanı — 20 ədəd
VASİLYOK minaatanı — 25 ədəd
OSA zenit raket kompleksi — 12 ədəd
STRELA-10 hava hücumundan müdafiə sistemi — 6 ədəd
TUNQUSKA hava hücumundan müdafiə sistemi — 6 ədəd
İQLA-S hava hücumundan müdafiə silahı- 30 ədəd
ORLAN-10 pilotsuz uçuş aparatı — 12 ədəd

İkinci Qarabağ müharibəsinin qazisi
Ehtiyyatda olan Leytenant
Rafael Dağlı
P.S. İVAN, İDİ DOMOY!