Şəhidin doğum günü qeyd olunub 

Bu gün Vətən Müharibəsi Qəhrəmanı kapitan Noçuyev Surxay Əbdül oğlunun doğum günüdür 

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Zəngilan rayon şöbəsinin idarə heyəti Vətən Müharibəsi Qəhrəmanının doğum günündə iştirak ediblər.

Öncə Şəhid Noçuyev Surxayın  2 ci Fəxri Xayabandakı məzarı ziyarət olundu, sonra Binəqədi Mədəniyyət evində Surxay Noçuyevin adını daşıyan Zəngilan rayon 1 nömrəli məktəbin hazırladığı anım tədbiri baş tutdu. Tədbirdə Şəhidimizin ailə üzvləri, Zəngilan rayon İcra Hakimiyyətinin məsul şəxsləri, məktəbin kollektivi, Şəhid ailələri, qazilər, AVMVİB Zəngilan rayon şöbəsinin idarə heyəti iştirak edirdi. Şagirdlərin ifasında yüksək səviyyədə hazırlanan tamaşalar, şerlər zalda oturan hər kəsi kövrəltdi. Sonra söz çıxışçılara verildi.

 Şəhidimizin atası Əbdül Noçiyev çıxış edərək məktəb kollektivinə belə yüksək səviyyədə tədbir hazırladıqlarına görə təşəkkürünü bildirdi və Şəhidimizin həyat yolu barədə öz xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Çıxış edən Zəngilan rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mövsümov, YAP Zəngilan təşkilatının sədri Natiq Quluzadə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayonu üzrə sektor müdiri. İmaməliyev Kənan , Məmmədbıyli kənd icra nümayəndəsi Nərminə  xanım Bağırоva AVMVİB Zəngilan rayon şöbəsinin sədr müavini Zakif Abbasov hazırlanan  tədbir barədə və Şəhidimiz Surxay Noçuyevin döyüş yolu barədə danışaraq Şəhidimizin yaxınlarına səbir dilədilər.

Surxay Noçuyev 1988-ci il dekabrın 19-da Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1995–2002-ci illərdə Xarici Dillər Təmayüllü Gimnaziyada, 2003–2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006–2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) Quru Qoşunları fakültəsini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Və Tədris Mərkəzinin «Zabit ixtisas kursu»nu bitirib. Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə «leytenant» hərbi rütbəsi verilib.

Zabit kimi fəaliyyəti müddətində Noçuyev Surxay motoatıcı taqım komandiri, mexanikləşdirilmiş taqım komandiri, motoatıcı bölük komandiri, motoatıcı taborun qərargah bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-1) mexanikləşdirilmiş bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-3) mexanikləşdirilmiş bölüyünün komandiri, qərargah bölüyünün komandiri, motoatıcı bölük komandiri, motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini, motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini, motoatıcı taborun komandiri, mexanikləşdirilmiş taborun (BTR, SandCat) komandiri vəzifələrində xidmət edib.»Kapitan» hərbi rütbəsinədək yüksəlib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində qələbənin qazanılmasında müstəsna xidmətləri olub. Komandiri olduğu mexanikləşdirilmiş taborun şəxsi heyəti ilə birlikdə döyüşlərdə xüsusilə fərqlənib, şücaət və rəşadət nümunələri göstərərək Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib və noyabr ayının 9-u Şuşa şəhəri ərazisində hərbi əməliyyatlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 12 noyabr 2020-ci il tarixdə II Fəxri Xiyabanda dəfn olunub.

Sağlığında Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə, «Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)», «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli, «Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)» medalları ilə təltif olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ona «Vətən Müharibəsi Qəhrəmanı» (ölümündən sonra), «Vətən uğrunda» medalı (ölümündən sonra), «Qubadlının azad olunmasına görə» (ölümündən sonra), «Füzulinin azad olunmasına görə» (ölümündən sonra), «Şuşanın azad olunmasına görə» (ölümündən sonra) medalları ilə təltif olunub. Allahdan şəhidlərimizə rəhmət diləyirik. 

AVMVİB  Zəngilan rayon şöbəsi nin sədri, fedai.az saytının müxbiri: Azad Musayev

Bu xəbəri paylaşın: