https://fedai.az/?p=88824 əvəli bu linkdə
II hissə
Savalan dağının adı barəsində yazımızın birinci hissəsi müxtəlif reaksiyalar doğurdu. Oxucularımızdan bəziləri bu məqalənin sonundakı fikirləri alqışladılar, digərləri isə fərqli fərziyyələrin olduğunu bildirdilər.
Həmin alternativ variantlardan ən diqqətəlayiqi belədir: Savalan dağının adı talış dilindəki üç sözdən yaranmışdır: Sə (baş) — vuə (qar) — lon (yuva). Vurğulamalıyıq ki, «lon» sözü talış dilində həm «yuva», həm də «məkan» kimi mənaları ifadə edir. Məsələn: Kaqalon (kənd adı).
Bəri başdan qeyd edək ki, ilk baxışdan Səvuəlon variantı kifayət qədər məntiqli görünür. Həqiqətən də digər uca dağlar kimi Savalanın da başı həmişə qarla örtülü olur. Amma məsələ ondadır ki, bu iddianı da zəiflədən faktlar mövcuddur
1. Bilavasitə Savalan ətrafında yaşayan əhalinin mütləq əksəriyyəti türkdür və türk dilində danışır. Onlar isə bu dağı Səvuəlon deyil, Savalan adlandırırlar.
2. Savalan dağı faktiki olaraq Muğan düzünün cənub hüdudlarında yerləşir. Muğan düzünün şimal hissəsinin adı isə qədim zamanlarda Alan düzü olmuşdur. Diqqət yetiirək: Sav-alan dağı və Alan düzü. Bu eynilik qətiyyən təsadüfə oxşamır. Deməli, Savalan adının ikinci hissəsi «lon» deyil, «alan»dır.
3. Qəbələ rayonunda Savalan adlı dağ vardır. Amma orada talışlar yaşamırlar.
4. Ağsu rayonunda isə Sanqalan adlı dağ mövcuddur. Sanq-alan oronimində yenə də eyni komponenti görürük. Lakin orada da talışlar yaşamırlar.
5. Xəzər rayonunun Şüvəlan kəndinin adı (Şüv — əlan) oxşar mülahizəni yürütmək üçün əsas verir.
Ümumiyyətlə isə, toponimlərin mənşəyilə bağlı fərqli fikirlərdən çəkinmək, onları aqressiya ilə qarşılamaq düzgün deyil. Əksinə, hansısa yer adının mənasını izah edən ehtimalların çox olması onun qədimliyinə dəlalət edir.
Digər tərəfdən isə, belə mübahisəli məsələlər təkcə Azərbaycan üçün xarakterik deyil. Məsələn, rus tarixçilərinin fərziyyəsinə görə, Şimali Qafqazdakı Yesentuki şəhərinin adı qədim türk dilindəki «esen» (gözəl, yaxşı və şəxs adı) və «tuğ» (bayraq) sözlərindəndir.
Çərkəzlər isə hesab edirlər ki, bu toponim çərkəz dilindəki «yessen» (öyrəşmək) və «tıku» (yer, məskən və s.) sözlərindən əmələ gəlmişdir.
Göründüyü kimi, burada da fikirlər müxtəlifdir. Bu da, əslində, təbiidir. Belə məsələlərə, sözsüz ki, dözümlə yanaşmaq lazımdır.
Yazımızı Savalanla başladığımız kimi onunla da bitiririk. Qədim türk dilindəki «alan» və müasir talış dilindəki «lon» sözlərinin mənşəyi, əslində, eynidir. Onların hər ikisi «məkan» və «yer» kimi mənaları ifadə edir. Bu isə o deməkdir ki, mübarək Savalan dağı bizi ayırmır, əksinə, birləşdirir.
P.S. Bir sözlə hamımız Adəm əleyhissəlamla Həvva ananın övladlarıyıq.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili