Dünən Rusiya sülhməramlılarının Qarabağdakı müvəqqəti qərargahında Qarabağın erməni icması və Azərbaycan nümayəndələrinin növbəti görüşü baş tutub. Erməni icmasını “təhlükəsizlik şurasının katibi” (Xankəndidəki separatçı rejimdə təmsil olunur — red.) Samvel Şahramanyan və rus sülhməramlı kontingentilə “əməkdaşlıq mərkəzinin direktoru” Sergey Martirosyan iştirak edib. Martirosyan Balasanyanın “təhlükəsizlik şurasının katibi” işlədiyi dövrdə eyniadlı şöbəyə rəhbərlik edib və Vito ilə birlikdə daim azərbaycanlılarla görüşlərdə olub.
Martirosyan yaxın münasibətdə olduğu sülhməramlıların keçmiş rəhbəri general Muradovun vasitəçiliyi ilə azərbaycanlılarla danışıqlarda iştirak edirmiş. Birincisi, onlar Rusiya ordusunda birgə xidmət ediblər, üstəlik, Martirosyanın oğlu da 44 günlük müharibədə itkin düşənlər arasındadır.
Fedai.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Onun rus sülhməramlılar ilə birlikdə itkin düşənlərin axtarışında fəal iştirak etdiyi məlumdur. Bu səbəbdən də onların əməkdaşlığı daha da yaxınlaşıb.
Dünənki görüşdə Qarabağın erməni icmasının heyətində üçüncü şəxs də olub, lakin o, fotoda görünmür. Mənbələr görüşdə “Kaşen” mədəninin sahibinin də iştirak etdiyini istisna etmirlər. Azərbaycan tərəfdən isə danışıqlar aparan Milli Məclisin deputatı, Ağdərədə anadan olan, Şuşa məktəbində təhsil alan Ramin Məmmədovdur”, — məlumatda deyilir.(axar.az)
