Qədim türklər tarix boyu qadınlara yüksək dəyər vermişdir. Qadınlar dövlət işlərində söz sahibi olmuş, bəzən isə hökmdar kimi dövlət idarə etmişdir.
Tarixin gördüyü ən cəsur türk qadın liderlərindən biri də Tomris idi.
İndiki Azərbaycan ərazisində məskunlaşan massagetlərin şahı öldükdən sonra onların başına onun qadını Tomris keçdi (e.ə 570 — e.ə. 520). Massagetlər bu illər boyunca, fars dövləti olan Əhəmənilər İmperiyasının təzyiqlərinə məruz qalırdı. Əhəmənilər tez-tez hücumlar təşkil edirdilər lakin massagetlər həmişə onlardan qaça bilirdilər.
Əhəməni hökmdarı II Kir bu cür hücumlarla bir nəticə əldə edə bilməyəcəyini anladıqdan sonra Massaget hökmdarı Tomrisə elçi göndərdi. Onunla evlənmək istədiyini deyən Kir, bu sayədə massagetlərin idarəsini də ələ alacağını düşünürdü. Ancaq Tomris onun bu planını təxmin edə bilirdi və ona görə də bu istəyi rədd etdi. Bu cavab Kiri xeyli qəzəbləndirmişdi. O, ordusunu yığaraq bütün gücü ilə massagetlərə qarşı hücuma keçməyə qərar verdi. Tomris Araz çayından 3 günlük yol məsafəsində olan ərazidə ordusunu yerləşdirdi. Bu sayədə düşmənin həm dərin,enli olan Arazı keçərkən yorulmalarını, həm də 3 günlük çöl yolunu gələrkən ərzaqlarının azalmasını təmin etdi.
Ancaq Kirin də öz planları var idi. O, döyüş meydanına yaxın bir yerdə çadırlar qurdurub içinə cürbəcür nemətlər və şərablar qoydurdu. Ordudakı ən zəif dəstəsini isə bu çadırlara yerləşdirdi.
Tomrisin oğlu Sparqapis öz dəstəsi ilə bu çadırlara hücuma keçdi. Buradakı farsları rahatlıqla məhv etdilər və bu zəfəri çadırlardakı şərablardan içərək qeyd etdilər. Şərabın təsiri ilə yuxuya gedən Sparqapis gözlərini açanda Kirin onu əsir götürdüyünü anladı və intihar etti.
Tomris qoşununun və oğlunun aqibətindən xəbər tutan kimi Kirin yanına çapar göndərir. Çapar deyir: «Qaniçən Kir! Öz hünərinlə öyünmə! Əgər hiylə ilə qələbə çalmasaydınız, şərəfli döyüşdə silah gücünə heç nə eləyə bilməzdiniz. Ama and olsun bütün massagetlərin pənahı olan Günəş allahına ki, mən səni qan gölündə boğacağam.»
Tomris ordusu ilə birlikdə farslar üzərinə hücuma keçdi. Döyüş meydanında üz-üzə gələn iki ordu da geri çəkilmək istəmir, sona qədər vuruşurdu. Nəhayət, böyük mübarizədən sonra Tomrisin ordusu farslar üzərində qələbə çaldı.
Az qala farsların hamısı meydanda həlak oldu. Kirin özü də öldürüldü. Onun 29 illik hakimiyyətinə son qoyuldu.
Tomris şərab badəsini insan qanı ilə doldurduqdan sonra Kirin cəsədini tapmağı əmr etdi. Onun başını badənin içinə soxaraq dedi: «Mən sağ qalsam da, sən məni məhv etdin. Sən hiyləgərliklə mənim oğlumu əlimdən aldın. Mən demişdim ki, sənə qan içirdəcəyəm. İndi nə qədər istəyirsən, iç bu insan qanından.»