
Müəllim
Dərs təlimin əsas təşkili forması kimi motivasiyanın köməyi ilə pedaqoji fəaliyyəti hərəkətverici qüvvəyə çevirərək onların idrak fəallığına təkan verən tam prosesdir. Motivasiya istənilən bir fəaliyyət mexanizmini işlək edən qüvvədir. İnteraktiv və ya fəal dərs məhz motivasiyadan başlanır. Dərsin sonrakı mərhələlərinin gedişində də motivasiya əhəmiyyətli rol oynayır. Belə ki, bütün dərslər müəyyən bir məqsəd üzərində qurulur. Bütünlükdə dərs prosesi bu məqsədə çatmağa xidmət edir.
Bir çox hallarda müəllimlər motivasiya edərkən yalnız hansısa mövzuya dair suallar verməklə kifayətlənirlər. Bu qismən doğru yanaşmadır. Çünki bu zaman şagirdlərdə mövzuya tam maraq oyanmır. Yaxşı olar ki, müxtəlif diaqramlardan, vizual əyani vəsaitlərdən, posterlərdən istifadə edilsin. Çünki motivasiyanm qeyri-adiliyi şagirdlərdə mövzuya dərin maraq oyadır və diqqətin tam olaraq dərsə yönəlməsinə səbəb olur.
“Fəal təlim” istilahında olan “interaktivlik”, yəni daxili fəallıq “ənənəvi” adlandırdığımız dərslərdə də vardır. Dərsdə şagirdlərin təfəkkürünün fəallığı məsələsi, yəni öyrənənlərin təfəkkürünün inkişaf etdirilməsi tələbi həmişə əsas məqsəd olmuşdur. Lakin “ənənəvi” adlandırdığımız dərslərdə “quru didaktizm”, elmiliyə daha çox diqqət ayrılması, motivasiyanın yaradılmaması, frontallıq, emosionallığın zəifliyi, tədqiqatçılığa, fikir müstəqilliyinə yer verilməməsi kimi faktorlar həmin tələbin bugünkü müstəvidə reallaşmasına imkan verməmişdir (İlyasov, 2018)
Buradan belə qənaətə gəlmək mümkündür ki, müvafiq təlim metodlarının seçilməsi təlim prosesinin gedişinə və təlim nəticələrinin əldə olunmasına, eləcə də təhsilalanların motivasiyasına təsir edən xarici faktordur. Fəal təlimin səmərəli təşkili prosesində pedaqoji mühitin təlim metodlarına, nail olunacaq məqsədlərə görə yaradılması öyrənənlərin motivasiyasının artırılmasına məsul olan mütəxəssislərin diqqətindən yayınmamalıdır.
Bir çox tədqiqatçılar motivasiyaya şagirdləri müəyyən nailiyyətlər əldə etməyə sövq edən daxili təhrikedici qüvvə kimi tərif verirlər. Onlar dərk etməzdən əvvəl təqlid etməyi öyrənirlər (Gənc ana və uşaqların maarifləndirilməsi, 2015).
Daxili motivasiyası yüksək olan şagirdlər ötürülən informasiyaya olan maraq sayəsində məlumatın daha da dərinliyinə gedərək, geniş biliyə yiyələnməklə uğurlu nəticələr əldə etdikləri halda, daxili motivasiyası olmayan və xarici motivasiyası zəif olanlar çətinlik dərəcəsi daha az olan tapşırıqlara meyilli olurlar. Daxili motivasiyalı öyrənənlərin fəallıq dərəcəsi yüksək olur, onlar xüsusi səylərlə qarşıya çıxan çoxsaylı maneələri dəf etməyə israrlı olur, tapşırıqlara daha çox vaxt sərf edir, onları həvəslə yerinə yetirir, nəticədə isə təlim prosesinin gedişi asanlaşır. Ancaq xarici faktorların əhəmiyyətini də kifayət qədər yüksək qiymətləndirmək lazımdır.
Məsələn, “Azərbaycan” mövzusunda keçilən dərslərdə müəllimlər, adətən, müxtəlif təbiət mənzərələrini göstərir və şagirdlərdən “Azərbaycanın gözəl təbiəti var”, “Bunun qədrini bilmək lazımdır”, “Azərbaycanın təbiətini qorumaq gərəkdir” kimi fikirləri alırlar. Amma bu motivasiyanı aşağıdakı kimi genişləndirsək, daha maraqlı olar. Qara qızıl — neft buruqlan, ağ qızıl — pambıq tarlaları, qızıl və kömür mədənləri, üzüm bağları əks olunmuş lövhələri də şagirdlərə göstərib vətənimizin yeraltı və yerüstü sərvətlərlə zəngin olması və düşmənlərimizin də məhz bu səbəblərdən yurdumuza göz dikməsi barədə fikirlərin alınmasına asanlıqla nail olmaq olar. Motivasiyanin düzgün qavranılmasmda verilən sualların xüsusi rolu var. Motivasiya zamanı qapalı suallardan istifadə etmək olmaz. Sual seçilərkən 2 və ya daha çox cavabı olan suallara üstünlük vermək lazımdır ki, şagirdlər müxtəlif fərziyyələr irəli sürsünlər. Bu zaman sinifdə mübahisə yaranacaq və bu da dərsi daha maraqlı edəcəkdir. Təbiidir ki, şagirdlərə “bu nədir?”, “bu kimdir?” tipli suallarla müraciət etsək, onlar konkret cavab verəcək, fikir müxtəlifliyi yaranmayacaq. Lakin “Göstərilən əşyalardan hansı məqsədlər üçün istifadə olunur?”, “Həmin şəxsin hansı xidmətləri olmuşdur?” sualları şagirdləri düşünməyə vadar edəcəkdir. Əgər Üzeyir Hacıbəyli haqqında mətn keçiləcəksə, dahi bəstəkarın şəklini göstərib “Bu kimin şəklidir ?” deməkdənsə, “Azərbaycan Respublikasının Dövlət himninin müəllifləri barədə nə bilirsiniz?” sualı ilə motivasiyaya başlamaq daha düzgün olar.
