Bədnəzər

Ömər Faiq Nemənzadə

Molla dayı!

Sənin təzədən zühurun biz fəqirləri xeyli xoşnud və xoşhal elədi! Amandı, Molla dayı, bundan sonra elə dolan ki, qarğış və bəd dua sahibi olma, özünə də yazığın gəlsin və bizə də. Dünən yuxarıbaşlı falabaxan Zeynəbə baxdırdım. Zeynəb bacı dedi ki, bu saat Molla dayıya yaz ki, evinin qapısının qabağında bir köhnə at nalı basdırsın və boynundan bir dəvə gözü muncuğu assın ki, ona bədnəzər kar eləməsin. Bədnəzər yalan deyil, bədnəzər yıxmayan evlər min il tikili qalıb.

Bir də Zeynəb bacı buyurdu ki, Molla dayı tövbə eləsin pirlərə şəkk gətirməsin, Babaratma pirinə bir kök qoyun göndərsin. Əgər Babaratmaya əli çatmasa tezliklə getsin Kürdəmirdəki Şeyx qurban olduğumun hüzuruna ki, bəlkə o Mollanın günahından keçə.

Sən olasan səni yaradan tanrı, sən bu qoca Dərdməndin sözün yerə salma, bunlara əməl elə.

Dərdmənd

“Molla Nəsrəddin”, 24 iyul 1907, № 27

Bu xəbəri paylaşın: