Mingəçevir veteranları Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirib

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsinin üzvləri Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley tədbiri keçirib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.

Müharibə veteranları Ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov Heydər Əliyevin keçdiyi tarixi yoldan ardıcıl olaraq danışıb.

Natiq Həsənov Ulu öndərin şərəfli ömür yolundan bəhs edərək bildirib ki, bu gün tariximizdə onun silinməz izi var: “Onun qoyduğu izlər bu gün də aktualdır. Azərbaycan tarixinə Ulu öndərin ilk gəlişi 1969-cu ildə baş verib və demək olar ki, bütün sahələr üzrə geridə qalmış bir aqrar ölkəni inkişaf etmiş sənaye respublikasına çevirib. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan hakimiyyətinə ikinci dəfə gəlişi zamanı isə ölkədə ağır şərait hökm sürürdü. Həmin zamanlar Ümummilli liderimiz ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət konsepsiyasını uğurla həyata keçirmişdir. Ulu öndərin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf istiqamətində gördüyü işlər bütövlükdə müstəqilliyimizin möhkəmlənməsinə və əhalinin rifahının yüksəlməsinə yönəlmişdi”.

Sözünə davam etdirən Natiq Həsənov Ümummilli lider Heydər Əliyevin “Veteranlar haqqında” Qanunu imzalamasından və veteranlara göstərdiyi diqqət və qayğıdan danışıb.

Türkay Xaqan 

Bu xəbəri paylaşın: