Bu gün Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür

Bu gün Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Dilbazinin doğum günüdür.

O, 1912-ci ilin bu günü Qazax rayonunda dünyaya gəlib. Mirvarid Dilbazi qələmi ilə bir neçə cəbhədə döyüşən qadın idi. O, Azərbaycan siyasi və ədəbi tarixinin ən qaynar bir dövrü olan XX əsri öz gözləri ilə görüb, həmin prosesləri – Cümhuriyyətin yaranmasını, SSRİ əsarətini, repressiyaları, erməni işğallarını, müstəqilliyi – qələmində əks etdirən şairədir.

Mirvari Dilbazi çağdaş Azərbaycan uşaq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Onun «Kiçik dostlarıma», «Gülbahar», «Yaz gəlir», «Lalənin ağacları», «Abşeron bağları» kitabları uşaq ədəbiyyatının dəyərli nümunələridir.

Xalq şairi bundan başqa, «Xatirələr olan yerdə», «Həyat lövhələri», «Bənövşələr üşüyəndə», «Ana qanadı», «Yasəmən fəsli» kimi kitabların müəllifidir.

İki dəfə «Şərəf nişanı» ordeni, «Qırmızı Əmək Bayrağı», «İstiqlal» ordeni və medallarla təltif edilən Mirvarid Dilbazi 2001-ci ilin 12 iyulunda vəfat edib.

Bu xəbəri paylaşın: