Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) yaranmasının sabah 29 yaşı tamam olur!
Ölkənin ən böyük ictimai qurumunun sədri Füzuli Rzaquliyev təşkilat üzvü olan 90 minə yaxın müharibə veteranını bu münasibətlə təbrik edib.
Təbrikdə deyilir: «Bu gün sıralarında, çiyin-çiyinə və birgə addımladığımız bir təşkilatın 29 yaşı tamam olur. Bu illər ərzində, həm ölkəmiz, həm də orumuz nəzərə çarpacaq dərəcədə güclü bir inkişaf yolu keçib. Nəhayət ki,illərlə arzusunda olduğumuz bu Böyük Tarixi Zəfər günlərində 29-cu yaş günümüzü tam könüldən qeyd edirik. Azərbaycanın Şanlı Ordusu və Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin «Dəmir yumruq» əməliyyatı 44 gün içində düşmən ordusunu darmadağın elədi. 1828-ci ildən bəri üzərimizə qısqırdılan və dünyanın vicdansızcasına dəstək verdiyi mənfur düşmən öz yerində oturduldu.
Təşkilatımızın üzvü olan veteranlarımız bu Zəfərin qazanılmasında öz övladlarıyla birgə iştirak etdilər. Biz illərcə torpaqlarımızın azad edilməsinin tək yolunun hərbi yol olduğunu söylədik. Bu gün bu nəticəni ortaya qoymuş Komandanımıza və şanlı Azərbaycan əsgərinə minnətdarıq. Belə bir gündə ad günü qeyd etmək iki qat bayramdır.
Bu gün şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edirik, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizi, bütün veteranları AVMVİB-nin 29 illiyi münasibətilə təbrik edir, onlara cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.
Şəhidlər bu millətin baş tacımızdır. Onların əmanəti hamımızın diqqətində olmalıdır. İllərcə Böyük Atatürkün bir sözünü bütün görüşlərdə təkrar-təkra söyləmişəm. Atatürkdən Çanaqqalada bunca şəhid verməyə dəyərmiydi soruşulanda demişdi: «Analar oğul doğa bilər, amma Vətən doğulmur!»
Qazilərimizlə bağlı deyərdim ki, ayaqlarımız, qollarımız, gözlərimiz olmadan yaşaya bilərik. Yaşayırıq da. Ancaq Vətənimiz olmadan, yaşaya bilmərik! Vətən torpağına basılmayan ayaq, Vətən torpağını görməyən göz kimə lazımdır?
29 ildir birgə yürüyürük. Birgə mübarizələrdə illərimiz gedib. Onlarla veteranımızı Qarabağı görmədən canları qədər sevdikləri torpağa verdik. Hər birini rəhmətlə anırıq. Onların da nigaran ruhları artıq dinclik tapdığına inanıram.
Allah hər bir veteranımızı qorusun və bu Qələbə müjdəli 29 iliniz mübarək olsun!
Hər birinizi təbrik edirəm!»
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat Xidməti