AVMVİB antiterror tədbirləri ilə bağlı bəyanat yaydı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Azərbaycan Ordusunun Qarabağ bölgəsində antiterror tədbirlərinə başlaması ilə bağlı bəyanat yaymışdır. AVMVİB-in bəyanatında deyilir: «Azərbaycan ərazilərində qanunsuz şəkildə qalmaqda olan Ermənistan silahlı qüvvələri 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının mülki şəxslərinə qarşı terror həyata keçirmiş, onlara köməyə gedən polislərin də terror aktı nəticəsində şəhid edilməsinin ardınca bu gün Azərbaycan Ordusu antiterror əməliyyatlarına başlamışdır.

Ümumiyyətlə, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis-qurğu işləri görərək təkmilləşdirilməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olmuşdur».

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev qeyd etmişdir ki, Azərbaycan Respublikası tərəfindən aparılan antiterror əməliyyatı məhz silahlı erməni terrorçularına qarşı aparılır. Azərbaycan Respublikası heç bir halda dinc erməni sakinlərini hədəfə almayacaq. Bununla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bəyanatında da xüsusilə vurğulanmışdır ki, antiterror əməliyyatları nəticəsində mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

«Allah ordumuzu qorusun. Biz hələ bu antiterror əməliyyatlarına gecikmişik. Davamlı sülh və təhlükəsizlik şəraitində yaşamaq üçün Qarabağ bölgəsini erməni terrorçularından təmizləmək vaxtı çoxdan çatmışdı. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata zidd olaraq erməni silahlıları orada indiyədək qalmamalı idilər. Biz dəfələrlə bu barədə bəyənat vermişik. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi ordumuzun, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yanındadır», — deyə Füzuli Rzaquliyev bildirmişdir.

AVMVİB Mətbuat xidməti

Bu xəbəri paylaşın: