Azərbaycan adının mənasını izah edən 12 fərziyyə
Əvvəlki hissədə qeyd etdik ki, atrebat tayfası romalıların belqay (belgae) adlandırdıqları xalqın bir hissəsi idi. Müasir Belçika məhz bu etnosun adını daşıyır. Ehtimala əsasən, belqay adı protokelt dilində “qəzəbdən şişmək” anlamını ifadə edən “belg” və ya “bolg” sözündən törəmişdir.
Digər gümana görə, bu etnonim slavyan və ümumiyyətlə hind–Avropa dillərindəki “bel”, “belo”, “belıy” (ağ, parlaq) sözündən yaranmışdır. Üçüncü iddiada isə deyilir ki, həmin xalqa belqay adını yerli qallar vermişlər. Qall dilində “belgiad” sözü “dağıdıcı”, “belg” sözü isə “sındırmaq” mənasında işlənirmiş.
Dördüncü fərziyyəni biz irəli sürürük. Fikrimizcə, romalılar bulqar–türk xalqının Qərbi Avropaya köçmüş hissəsini eramızın IV əsrinədək belqay adlandırmışlar.
Birinci dəlil. Eramızın I–III əsrlərində Roma imperiyasında, əsasən də belqayların yaşadıqları ərazilərdə vulqar (sermo vulqaris) adlanan bir dil yayılmışdı. Linqvistlər bu dili latın dili ilə eyniləşdirir, onu latıncanın dialekti hesab edirlər. Amma görünür ki, dilçilər “xalq latın dili” ilə “vulqar dilini” qarışdırırlar. Onu da vurğulayaq ki, bulqar–türk xalqının adı ilk dəfə “354-cü ilin latın xronoqrafı” adlı anonim əsərdə məhz “vulqares” şəklində qeyd olunmuşdur.
İkinci dəlil. Qədim kelt tayfalarından birinin adı bituriq idi. Bu tayfanın belqaylara aid olub-olmadığını bilmirik. Amma maraqlıdır ki, bituriqlərin Fransada saldıqları iki əsas şəhərdən biri Burdi–gala (müasir Bordo şəhəri) adlanırdı.
Haşiyə. Ehtimala görə, Burdi–gala toponimi akvitan dilindəki “burd” (çirkli, palçıqlı) və “kal” (sığınacaq) sözlərindən yaranmışdır. Qeyd edək ki, ölü akvitan dili hind–Avropa dil ailəsinə daxil deyildir. Bəzi dilçilər hesab edirlər ki, onun ən yaxın qohumu müasir bask dilidir. Amma bu iddia da mübahisəlidir.
- Naxçıvanın Culfa rayonunda, Qazançı kəndindən cənub-şərqdə Berdi–qala adlı qədim tikili yerləşir.
Üçüncü dəlil. Bituriqlərin Fransadakı ikinci şəhərinin adı Avarik (indiki Burj şəhəri) idi.
- E.ə. XVIII–XVI əsrlərdə Misiri zəbt etmiş hiksoslar bu ölkədə Avaris adlı böyük bir şəhər salmışdılar. Avaris onların paytaxtı idi.
- Məşhur rus linqvisti Oleq Mudrak (1962) isə sübut etmişdir ki, qədim türk tayfalarından biri – avarlar məhz bulqar dilində danışmışlar.
Dördüncü dəlil. Yunan tarixçisi Prokopius Kaesarensis (490–565) yazırdı: “Keçmiş zamanlarda həmin torpaqlarda o vaxtlar kimmer adlanan çoxlu hun yaşayırdı. Onlar bir hökmdara tabe idilər. Bu xalqın növbəti hökmdarlarından birinin Utiqur və Kutriqur adlı iki oğlu olmuşdu. Atalarının ölümündən sonra qardaşlar ölkəni öz aralarında böldülər və öz adlarını onlara tabe olan xalqlara verdilər. Belə ki, bugün də həmin xalqlardan biri utiqur, digəri kutriqur adlanır”.
“Hunların bir çox tayfası saqinlərin arxasındakı torpaqlarda məskunlaşıb. Evlisiya adlanan bu ölkənin sahilyanı hissəsi, həmçinin “Maeotis bataqlığı”na (Azov dənizinə) və ora axan Tanais (Don) çayınadək uzanan ərazisi barbarların əlindədir. Buradakı xalqları keçmişdə kimmer adlandırıblar. İndi isə onlar utiqur adını daşıyırlar”.
Məlumdur ki, qədim bulqar xalqının özəyini məhz uturqur və kuturqur tayfaları təşkil edirdilər. Göründüyü kimi, yunan salnaməçisi Prokopius Kaesarensis kimmerlərlə bulqarları, digər yunan tarixçisi Lucius Mestrius Plutarchus (50–120) isə kimmerlərlə belqayları eyniləşdirirdi. Romalılarsa belqayları kelt–skiflər adlandırırdılar.
Salnaməçi Suriyalı Mikael (1126–1199) isə bulqarlarla skifləri eyniləşdirirdi: “O zamanlar Daxili Skifiyadan olan üç qardaş otuz min skifi özlərilə apardılar. Onlar susuzluqdan əziyyət çəkməmək üçün qışda yola düşərək İmeon dağından (Hindukuş, Pamir və Tyanşan dağlarından) Tanais çayına (Don çayına) və Pont dənizinədək (Qara dənizədək) olan məsafəni altmış günə qət edib Romanın sərhədlərinə çatdılar.
Burada üç qardaşdan biri – Bulqarios on min nəfəri özü ilə götürüb qardaşlarından ayrıldı. O, Tanais çayını keçərək Pont dənizinə axan Dunay çayına yaxınlaşdı və (öz nümayəndələrini) İmperator Flavius Maurikius Tiberiusun (539–602) yanına göndərib məskunlaşmaları üçün vilayət, eləcə də Romaya xidmət etmələri üçün icazə istədi. İmperator Dakianı, Yuxarı və Aşağı Meziyanı onlara verdi. Onlar Romanın mühafizəçiləri (hərbçiləri, keşikçiləri) oldular. Romalılar isə onları bulqar adlandırırdılar…”
Şərqi Roma salnaməçisi Agathias Scholasticus (536–582) “İmperator Yustinianın (482–565) hakimiyyəti haqqında” adlı əsərinin 5-ci kitabının 11-ci hissəsində skifləri, hunları və bulqarları eyni xalq hesab edirdi: “Hun xalqı vaxtilə Maeotis gölünün (Azov dənizinin) şərq sahillərində məskunlaşmışdı. İmeon dağının arxasında – Asiyada yaşayan digər barbar xalqlar kimi hunlar da Tanais çayından şimalda yaşayırdılar. Onların hamısını hun, yaxud skif adlandırırdılar. Ayrı-ayrılıqda isə bu tayfalardan birinin adı kotriqur, digərinin adı isə utiqur idi”.
Nəticə: Kimmer, skif, kelt–skif, belqay, bulqar və hun etnonimləri, əslində, eyni xalqın müxtəlif adlarıdır.
Ardı var…
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
