Bu yazımız çox maraqlı bir fakt barəsindədir. Ermənilərin xristianlığa qədərki əsas tanrılarından birinin adının Türk olduğunu bilirdinizmi?
Erməni dini təsəvvürlərinə əsasən, tanrı Turk ermənilərin mifik əcdadı Haykın nəticəsidir. Erməni mifologiyasında həm Hayk, həm də Turk nəhəng azmanlar kimi təsvir edilmişlər.
Turk məhsuldarlıq tanrısı və daş ustası idi. O, iri daşları dırnaqları ilə çapıb hamarlayır, onların üzərində qartal təsvirləri həkk edirdi. Qəzəblənəndə isə böyük qaya parçalarını düşmən gəmilərinin üstünə atırdı.
Erməni miflərində Turk çox hündür, iri cüssəli, eyni zamanda bədheybət tanrı kimi təqdim edilir. Onun sifət cizgiləri kobud, burnu yastı, qaşları qalın, gözləri göy və dərin, baxışı vahiməli idi. Bunlar tanrı Turkun əsas əlamətləridir. Ən maraqlısı da elə buradan başlayır.
Səfəvi döyüşçüsü və salnaməçisi Həsən bəy Rumlu (1530–1578) özünün “Əhsən-ət-təvarix” adlı əsərində Şah I Təhmasibin (1514–1576) ordusu ilə savaşmış özbək xanı Ubeydin (1487–1540) döyüşçülərini belə təsvir etmişdir:
Digər tərəfdənsə cəsur özbəklər,
Nərildəyən arslanlar tək yetdilər,
Hamısı yaşıl gözlü, sarı üzlüdür,
Sanki lacivərd kəhrəbaya düşübdür.
Bol tüklü qaşları qıvrım-qıvrımdır,
Gözlər gizlənmişdir, qaş altındadır,
Çöhrələri tamam tükdən xalidir,
Çənələri saqqal kimi yekədir.
Hamısı bayquş gözlü, hamısı div üzlüdür,
Hamısı dar gözlüdür, hamısı bəd üzlüdür,
O üzlər qalxan tək qırış-qırışdır,
Saqqalsız qocalar timsalındadır…
“Əhsən ət-təvarix” əsərindən göründüyü kimi, XVI əsr özbəkləri, əslində isə, moğollar sarı bənizli, tüksüz, amma qalın qaşlı, yaşıl (və ya göy) gözlü, yekə başlı və iri çənəli adamlar olmuşlar. Həmin əlamətlər isə, monqoloid irqindən daha çox Cənubi Sibir (turanid) və Şimali Asiya irqlərinə xasdır.
İngilis antropoloqu John Randal Baker (1900–1984) özünün “Race” (İrq) adlı kitabında turanid irqini avropoid irqinin bir qolu hesab etmişdir. Sovet antropoloqu Nikolay Nikolayeviç Çeboksarovun (1907–1980) fikrincə isə, turanid irqi monqoloid irqinin bir qoludur. Zənnimizcə, J.R.Bakerin iddiası həqiqətə daha yaxındır.
İndiki özbək xalqı ilə XVI əsr özbəklərini eyniləşdirmək düzgün deyil. Müasir özbək xalqı Orta Asiyanın qədim əhalisi olmuş türklərin törəməsidir. Bu xalq XIII əsrədək Xarəzm türkü, XVI əsrədək Çağatay türkü və ya sadəcə türk adlanmışdır. XVI əsrdə Şeybək xan Cuçinin (1451–1510) başçılığı altında özbək adlı bir moğol tayfası Sibirdən gələrək Mavəraünnəhr və Xarəzmi, yəni indiki Özbəkistanı ələ keçirmiş, elə həmin dövrdən özbək etnonimi ortaya çıxmışdır. Həsən bəy Rumlu da bütövlükdə özbək xalqını deyil, XVI əsrdə Sibirdən gəlmiş bir tayfanın döyüşçülərini təsvir etmişdir.
Elmi təsnifata görə, Cənubi Sibir və ya turanid irqi avropoid irqi ilə monqoloid irqi arasında keçid formalarından biridir, Cənubi Sibir və Orta Asiyada daha çox yayılmışdır. Bu irqin xarakterik əlamətlərinə aiddir: Hündür və enli sifət, iri çənə, uca boy, rəngli (yaşıl, göy və s.) gözlər, əsasən düz, bəzən isə yastı burun, qəhvəyi və ya qara rəngli, düz, cod saç və s.
Haşiyə. Müasir Kanada aktyoru Patrik Qallaxerin atası irland, anası isə çinlidir. Məhz həmin səbəbdən o, turanid irqininin demək olar ki, bütün əlamətlərini daşıyır. Buna görə ABŞ-ın istehsalı olan məşhur “Muzeydə gecə” filmində Xaqan Atillanın rolu Patrik Qallaxerə verilmişdi.
Yeri gəlmişkən, “Azərbaycan adını izah edən 12 fərziyyə” adlı məqaləmizdə tarixi faktlara istinadla göstərmişik ki, müasir irland xalqının əcdadı sayılan qədim kelt xalqı, əslində, saka (skif) xalqının Avropaya köçmüş hissəsi idi. Antik müəlliflər keltləri kelt–skiflər adlandırırdılar.
Macar antropoloqu İstvan Kiszely (1932–2012) hesab edirdi ki, qədim skiflər turanid olmuşlar. Bolqar antropoloqu Yordan Yordanov (1938–2022) “Восстановление головы по черепу” adlı əsərində göstərmişdir ki, qədim bulqarların bir hissəsi məhz turanid idi. Maraqlıdır ki, kelt–skiflərin əski salnamələrdə təsbit olunmuş digər adı belqaydır. Həmin belqayların vaxtilə yaşadıqları ərazilərdə isə e.ə. I əsrdən eramızın VII əsrinədək sermo vulqaris (bulqar?) adlı dil yayılmışdı.
Ehtimal edilir ki, turanid irqi çox qədim zamanlarda Şimali Asiyanın avropoid (türk) kişiləri ilə Cənubi Asiyanın monqoloid (çinli və s.) qadınları arasında nikahlar nəticəsində yaranmışdır. Bu isə o deməkdir ki, qədim türklər, o cümlədən, azərbaycanlıların ulu babaları məhz avropoid olmuşlar.
Gəldiyimiz nəticə bundan ibarətdir ki, bədnam qonşularımızın əcdadları keçmişdə turanid irqinə mənsub bir türkə xidmət etmişlər. Ölümündən sonra o, özünün qul-qaravaşının – ermənilərin sitayiş obyektinə çevrilmiş, beləliklə, erməni mifologiyasında tanrı Turk obrazı yaranmışdır.
P.S. Oxucuda belə bir sual yarana bilər: Mövcud xronologiyaya əsasən, ermənilər xristianlığı eramızın IV əsrində qəbul etmişlər. Çin mənbələrinin türk adını daşımış xalq (göytürklər) haqqında ilk məlumatı isə 542-ci ilə aiddir. Bu halda erməni mifologiyasındakı Turk tanrı adını türk etnonimilə eyniləşdirmək düzgündürmü? Əvvəla onu qeyd edək ki, hələ e.ə. XIX–VII əsrlərdə indiki Azərbaycan torpaqlarında turuk adlı xalq yaşamışdır.
Digər tərəfdənsə, tanrı Turk haqqında məlumatların əsas mənbəyi Movses Xorenatsi adı hay tarixçisidir. Haylar iddia edirlər ki, Movses Xorenatsi eramızın 410-cu ilində doğulmuş, 490-cı ildə ölmüşdür. Lakin bu iddia kifayət qədər şübhəlidir. Nüfuzlu Qərb tarixçilərinin əksəriyyətinin fikrincə, hayların Movses Xorenatsiyə aid etdikləri “Ermənistan tarixi” adlı əsər, əslində, VII–IX əsrlərdə yazılmışdır.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili