Prezident İlham Əliyevin noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında iştirakı mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin başçısı İƏT-in Zirvə toplantısında çıxışında bir sıra vacib məsələlərə toxunub. Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlıq əlaqələrini nəzərə alsaq iki ölkə arasında münasibətlərin uğurlu inkişafı artıq bəlli səviyyəyə yüksəlib. Ötən il Prezident İlham Əliyevin Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfəri həyata keçirilib. Özbəkistan prezidenti Şavkat Miromonoviç Mirziyoyev yenidən ölkə başçısı seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi bu əlaqələrin xarakterini göstərir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi təşkilatın işində hər zaman fəaldır: “Bu mənada Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi statusa malikdir. Ölkəmiz özünün nəqliyyat və logistika infrastrukturunu ECO-nun üzv dövlətləri üçün açıq olduğunu bəyan etməsi də bu münasibətlərin göstəricisi hesab olunur. Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycan nəqliyyat və logistika mərkəzi rolunda çıxış edir. Həmçinin ölkəmiz münbit sərmayə iqliminə malikdir. Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq bərpaolunan enerji sahəsinin inkişafına xüsusi önəm verir. Məhz bu amil Azərbaycanı yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevrilməsində mühüm rol oynayacaq”.
Millət vəkili bu xüsusda işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilməsinin xüsusi önəminə toxunub: “Ölkəmizin başçısı da Daşkənd Zirvə görüşündə Ermənistan Azərbaycanın 20 faiz ərazisini 30 ilə yaxın işğal altında saxladığını, bu müddətdə xalqımıza qarşı ermənilər tərəfindən etnik təmizləmə siyasətinin həyata keçirildiyini vurğulayıb. Həmçinin cənab Prezidemt bir milyondan artıq azərbaycanlının öz dədə-baba yurdundan məhz Ermənistanın işğal siyasəti nəticəsindən didərgin salındığını qeyd edib. Azərbaycan ərazilərinin erməni silahlı birləşmələrindən boşaldılması ilə bağlı aparılan uzunmüddətli danışıqılar heç bir nəticə vermədi Nəticədə Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək ərazilərini işğalda azad etdi. Ölkəmiz bununla Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnaməsini təkbaşına icra etdi”.
Deputat erməni vandalizmi nəticəsində işğal dövründə Azərbaycanın doqquz şəhəri və yüzlərlə kəndinin yer üzündən silindiyini söyləyib: “İşğal müddətində erməni vandalları ərazidə İslam dininə məxsus mədəni və tarixi irs dağıdılıb, təhqir edib. Nəticədə Azərbaycan ərazisində olan 67 məsciddən 65-i dağıdılıb viran qoyulub. Ölkəmizin başçısı da çıxışında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin güc yolu ilə beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa edildiyini bildirib. Sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror tədbiri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimə son qoyuldu. Ölkəmizin suverenliyi, konstitusiya quruluşu bərqərar edildi”.
Aqil Məmmədov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verib: “Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. Hazırda təşkilat çərçivəsində əməkdaşlıq əlaqələri sabit qaydada şaxələnir. 2006-cı ildə ECO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Bununla yanaşı Azərbaycan ECO-nun fəaliyyətinə bu gün də vacib töhfə verir. Ölkəmiz bu təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. Eyni zamanda hazırkı mərhələdə İƏT-in işində yeni imkanlar açılıb ki, bu xüsusda İran vasitəsilə Naxçıvana avtomobil və dəmir yolunun çəkilməsi barədə razılığın əhəmiyyətli təşəbbüs kimi önə çıxır. Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal iş gedir. Azərbaycanın irəli sürdüyü 3+3 əməkdaşlıq formatı bu təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək. Eyni zamanda Təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim dəstək göstərib. Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olub. 2021-ci ildə Türkmənistanda keçirilmiş Zirvə Toplantısının sonunda qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə özündə Azərbaycanın maraqlarına uyğundur”.