“Azərbaycanın suverenliyi bütün dünya tərəfindən birmənalı tanınır” — Millət vəkili
“Prezident Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ilk ölkə arasında mövcud olan diplomatik əlaqələr tarixində İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Bu baxımdan, hesab edə bilərik iii, bu səfər və əldə edilən razılaşmalar ölkələr arasında münasibətlərə yeni təkan verəcək, dostluq münasibətlərini gücləndirəcək”.
Bu sözləri Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.
Millət vəkili qeyd edib ki, bu səfər iki ölkənin beynəlxalq platformalarda bir birinə qarşılıqlı dəstəyi də təmin edəcək: “Azərbaycanla İraqı bir-birinə bağlayan ortaq din, ortaq tarix, ortaq mədəniyyət var. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin məqbərəsi bu ölkə ərazisindədir. İraqda milyonlarla türkman soydaşımız yaşayır. Eyni zamanda, İraq və Azərbaycan müxtəlif beynəlxalq platformalarda bir birlərinə dəstək olurlar, həmrəylik nümayiş etdirirlər. Bundan əlavə, BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında iki ölkənin qarşılıqlı dəstək mövqeyi məlumdur. Azərbaycan və İraq bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bu gün ümumiyyətlə, Azərbaycanın suverenliyi bütün dünya tərəfindən birmənalı tanınır”.
İki ölkə rəhbərinin keçirdiyi brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevin mesajları haqqında danışan A.Məmmədovun sözlərinə görə dövlət başçısı Azərbaycanın qarşılaşdığı ikili standartları bir daha xatırladıb: “Cənab Prezident bildirdi ki, “Faktiki olaraq sıfır nəticələrə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi”. Ölkə başçısının qeyd etdiyi kimi son 28 ildə beynəlxalq vasitəçilər işğalçıya qarşı heç bir təsirli tədbir görməyib. Amma, öz ərazi bütölüyünü və suverenliyini təmin etmiş Azərbaycan dövlətinə qarşı bəzi Qərb dairələrinin müxtəlif formalı hücumlarını görürük. Xüsusilə, Fransa dünyanın başqa yerlərində itirdiyi nüfuzunu və mövqelərini Cənubi Qafqazda əldə etmək istəyir. Buna isə marionet olmağa öyrəşmiş Ermənistan meydan açır. Bu, tək Azərbaycan-Ermənistan münasibətlərinə deyil, bütövlükdə regional təhlükəsizliyə ciddi təhlükə yaradır”.