Hansı hallarda əmək haqqınızdan pul tutula bilər?

Vəkil Vamiq Şükürov

Bəzən istəmədiyiniz halda əmək haqqınızdan pul tutulur və siz buna narazılıq edirsiniz. Məsələn, banka borcunuz var, məhkəmə qətnaməsi əsasında əmək haqqınızdan pul tutulur. Çünki banka borcunuzu birdəfəlik ödəyə bilmirsiniz.

Yaxud aliment ödənişinin alınması üçün əmək haqqınızdan pul tutulur. Ümumiyyətlə əmək haqqından pul tutulan zaman hansı hissədə pul tutula bilər? Tam tutulmaya yol verilirmi?

Təbii ki, bunun üçün ilk növbədə məhkəmə qətnaməsi olmalıdır. Bundan sonra qətnaməni icra edən icra məmuru işlədiyiniz iş yerinə sərəncam göndərir və pulun tutulmasını tələb edir. Belə hallarda borc məbləği qurtaranadək iş yerində əmək haqqınızdan tutulma həyata keçiriləcək.

İkinci halda isə sizin razılığınız olmadan vergilər və sosial sığorta haqları əmək haqqınızdan tutulur.

Üçüncü halda isə iş yerinə ziyan vurubsunuzsa, ziyan bir aylıq əmək haqqınızın məbləğindən artıq deyilsə, əmək haqqınızdan pul tutula bilər.

Dördüncü halda məzuniyyətə çıxıbsınız, məzuniyyət haqqı alıbsınız, amma bir il işləməyibsiniz. Buna görə də artıq ödənilmiş məzuniyyət pulu sizin əmək haqqınızdan tutula bilər.

Beşinci halda iş yerindən kənara verilmiş tapşırığın icrası üçün gedibsiniz, amma ezamiyyət pulundan qalmış pulu xərcləyibsiniz. Belə halda əmək haqqınızdan tutulmaya icazə verilir.

Lakin əmək haqqınızın az və ya çox olmasından asılı olmayaraq 50 %-dən artıq pul tutula bilməz. Aliment ödənişləri üçün 70 %-dək məbləğində tutulmaya yol verilir.

Bu xəbəri paylaşın: