Kəlbəcərlilər onlara Qələbə sevinci yaşatmış Liderə səs verəcəklər

Fevralın 7-də ölkəmizdə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Kəlbəcər rayon təşkilatı tərəfindən 15 Yanvar 2023-cü il tarixində Gəncə şəhərində kəlbəcərlilərin məskunlaşdığı Yeni qəsəbənin Mədəniyyət sarayında seçiciləri ilə görüş keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirib ki, bu gün sevindirici, qürurvericidir ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir: Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Azərbaycan xalqı artıq dövlətinin ərazilərinin iyirmi faizi Ermənistanın işğalı altında qalmış xalq kimi iştirak etməyəcək. Dövlətinin ərazi bütövlüyü tam bərpa edilmiş qalib xalq olaraq seçkilərə gedəcək. Bu seçki Zəfər seçkisidir. Artıq bu gün dünya birliyi Azərbaycanı qalib ölkə kimi qəbul edir: «2003-2023-cü illər ərzində Azərbaycanın nə qədər möhtəşəm inkişaf mərhələsi yaşadığının canlı şahidi oluruq. Həmin dövrü Azərbaycanın yeni və parlaq inkişaf mərhələsi, Prezident İlham Əliyevin isə onun memarı adlandırılması üçün bütün əsasların olduğunu indi hamı birmənalı şəkildə etiraf edir.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov onu da vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi və bu gün Azərbaycan Bayrağı işğaldan azad edilmiş Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda əzəmətlə dalğalanır. Və budəfəki prezident seçkiləri otuzillik işğalına son qoyulmuş, azad günlərinə qovuşmuş, düşmənin vurduğu yaraları sarınan, vandalların xarabalığa çevirdikləri yaşayış məskənlərində tikinti işləri aparılan, yeni yollar çəkilən, infrastrukturlar yaradılan Şuşada, Laçında, Xocalıda, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Kəlbəcərdə, Füzulidə, Xankəndidə və digər rayonlarımızda da keçiriləcək və həmin ərazilərə köçürülən əhali də növbədənkənar seçkilərdə doğma yurdlarında səs verəcəklər. İnanırıq ki, qalib xalqımız- bütün kəlbəcərlilər, həmçinin Gəncə şəhərində yerləşən Yeni qəsəbənin 1500 Kəlbəcər seçiciləri 7 fevralda keçiriləcək prezident seçkilərində qalib xalqın qalib lideri Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər».

Tədbirdə millət vəkili Aqil Məmmədov çıxış edərək bildirib ki, 7 fevralda keçiriləcək növbədənkənar Prezident seçkisi ilk dəfə olaraq Azərbaycan Respublikasının bütün ərazisini əhatə edəcək: «44 günlük Vətən Müharibəsi və ötən il keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması və suverenliyimizin tam bərpası Azərbaycan üçün yeni bir mərhələnin başlanğıcıdır.Prezident İlham Əliyev ilk dəfə 2003-cü ildə dövlət başçısı seçilən zaman andiçmə mərasimində Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına dair xalqa vəd, söz vermişdi. Bu vəd İlham Əliyevin prezidentliyinin 17-ci ilində yerinə yetirildi.

A.Məmmədov onu da bildirib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə böyük yenidənqurma, bərpa, quruculuq işləri həyata keçirilr. 30 il əvvəl öz doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimiz bu gün Böyük Qayıdış prosesini yaşayırlar. Millət vəkili öz doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizi 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkisində qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Seçicilərlə görüşdə Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev, təşviqat qrupunun üzvlərindən ərazi partiya təşkilatının sədri Vəsilə Cəfərova, ərazi partiya təşkilatının sədr müavini Şikar Baxışov, rayon ziyalısı Əli Bağırov və digərləri çıxışlarında Prezident, Qalib Lider cənab İlham Əliyevin 2003-cü ildən ötən son 20 ildəki uğurları ilə bağlı faktlara əsaslanan çıxışlarında bildiriblər ki, bütün seçkilərdə olduğu kimi kəlbəcərlilər 7 fevralda keçiriləcək növbədənkənar növbəti Prezident seçkisinə — Zəfər seçkisinə də böyük sevinc və ruh yüksəkliyi ilə gedir, amalımız inkişaf və tərəqqi olmaqla yanaşı, səsimizi qalib Liderimiz Cənab İlham Əliyevə verəcəyik. Qalib Xalqın Qalib Lideri!

Bu xəbəri paylaşın: