Türk Dünyası Dayanışma və Yardımlaşma Təşkilatı Azərbaycan Ölkə Başqanlığı 1990-cı il 20 Yanvar qətliamının 33-cü ildönümü ilə əlaqədar bəyanat yayıb.
Fedai.az xəbər verir ki, bəyanatda deyilir:
Türk Dünyası Dayanışma və Yardımlaşma Təşkilatı
Azərbaycan Ölkə Başqanlığının
B Ə Y A N A T I
20 Yanvar qətliamı insanlığa qarşı törədilmiş və öz siyasi hüquqi qiymətini almamış bəşəri cinayətlərdən biridir. 1988-90-cı illərdə SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasəti yüz minlərlə soydaşımızın indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından qovulması və etnik təmizlənməyə məruz qalması ilə nəticələndi. İşğalçı Ermənistanın tarixi torpağımız Qarabağa əsassız ərazi iddialarına cavab olaraq Azərbaycan xalqı kütləvi etirazlara başladı. Milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə Sovet ordusu Beynəlxalq Hüququ və Azərbaycan Respublikasının Konstitusiyasını kobudcasına pozaraq dinc əhaliyə qarşı misli görünməmiş qırğın törətdi.
Sovet imperiyası tərəfindən günahsız insanlara qarşı vəhşi terror aktı törədilməsinə baxmayaraq Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmamışdır. 26000 min nəfərlik təpədən dırnağadək silahlanmış Sovet ordusu, xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti cinayətkar Kreml rəhbərliyinin əmri ilə Bakıda, Sumqayıtda, Lənkəranda, Astarada və Neftçalada dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qətliam törətdilər. İşğalçı Sovet Ordusunun hərbi təcavüzü nəticəsinə 149 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü, 800 nəfərdən çox insan həbs edildi.
20 Yanvar qətliamı zamanı dinc əhaliyə qanlı divan tutulması, yüzlərlə insanın öldürülərək yaşamaq haqqının əlindən alınması və ya yaralanması, qurbanlar arasında qadınlar, ahıllar və uşaqların olması, digər vətəndaşların informasiya blokadası şəraitində saxlanılmaqla baş verən hadisələr haqqında düzgün məlumat almaq imkanlarından məhrum edilməsi faktları Beynəlxalq Hüququn ən mühüm prinsiplərindən birinin – İnsan Hüquq və Azadlıqlarının kobud və kütləvi pozuntusu olmuşdur.
Cənubi Qafqazda baş vermiş və baş verən hadisələrin hamısı Qərbin – Vatikan, ABŞ, Avropa və Rusiyanın uzun əsrlər boyu Türkiyə və Azərbaycana qarşı aparmış olduğu və apardığı ksenofobiya siyasətinin məntiqi nəticəsidir.
18 Yanvar 1990-cı ildə Con Kerri və bir qrup ABŞ Konqresmeninin Mixail Qorbaçova müraciət edərək Qarabağın itirilməsi ilə barışmayan və azadlıq mübarizəsinə qalxan Azərbaycan xalqının cəzalandırılmasını tələb etmələri,
19 Yanvar 1990-cı ildə Moskvada ABŞ Senatının xarici işlər üzrə alt komitəsinin sədri, senator K. Pellin SSRİ xarici işlər naziri Eduard Şevardnadzedən sovet rəhbərliyinin Azərbaycanın Qarabağ üzərində bir daha nəzarəti həyata keçirməsinə imkan verilməməsi kimi çağırışın etməsi faktının turkofobiya, hristiyan-dini həmrəyliyi və digər ölkələrin daxili işlərinə kobud qarışma və cinayətkar davranış kimi qəbul edirik.
Rusiya və Ermənistan cinayətkar rəhbərliyinin siyasi dairələrinin törətdiyi 20 Yanvar qətliamı üzərindən 33 il keçir, lakin BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan bu hadisəyə beynəlxalq siyasi-hüquqi qiymət hələ də verilməyib. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır.
Bəyanat Türk Dövlətləri Təşkilatına, BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, İslam Əməkdaşlıq Təşkilatına və İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Beynəlxalq Sülh Bürosuna, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmişdir”.kavkaz-news
