Bu gün hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı, Türk dünyasının sevilən sənətkarı, ürəyi və ruhu Böyük Azərbaycanla yaşayan, 44 günlük müharibədə mahnıları ilə qəhrəman əsgərlərimizin yanında olan, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının doğum günüdür.
Fedai.az xəbər verir ki, “İgid Əsgər”, “Əsgər marşı», «And içirik», «Çağırır vətən», «Qalx, Azərbaycan», «İgid Əsgər», «Vətən əmanəti», «Cənab Leytenant», «Çırpınırdı qara dəniz» və s. kimi mahnılar ifaçının vizit kartı hesab olunur.
Şəmistan Əlizamanlının ifası tək Azərbaycanda yox, ölkə hüdudlarından kənardan da sevilir. Səsində vətənpərvərlik ətri duyulan Şəmistan Əlizamanlı Türkiyənin məşhur serialı “Diriliş Ərtoğrul”a dəvət alır. Burada ifaçı “Ərtoğrul bəy ”in obasında məclisdə ozan rolunda “Allah türkə yar olsun” mahnısını oxuyaraq bütün türk dünyasının rəğbətini qazanıb.
Torpaqlarımızın işğaldan azad edilməsi üçün 44 gün davam edən Vətən müharibəsi zamanı da Şəmistan Əlizamanlının vətənpərvərliyin təbliğində əvəsiz xidmətləri olub. Həmçinin, Şəmistan Əlizamanlı Vətən müharibəsi zamanı «Ali Baş Komandanım», «Gözlədiyin Turan gəlir», «Şəhid qardaşım», «Zəfər yolu» kimi sevilən mahnılar ifa edib.
Qeyd edək ki, Əlizamanlı Şəmistan Hüseyn oğlu 1959-cu il fevralın 4-də Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olub. 1977-79-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1979-81-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi nin kollektivi Türk dünyasının sevilən sənətkarı Şəmistan Əlizamanlını səmimi qəlbdən təbrik edir, ona yeni-yeni sənət uğurları, sağlam və mənalı həyat arzulayırıq!