AVMVİB sədri Prezident seçkiləri ilə bağlı veteranlara müraciət ünvanlamışdır

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 7 fevral Prezident seçkiləri ilə bağlı təşkilatın üzvlərinə, müharibə veteranlarına, şəhid ailələrinə və qazilərimizə müraciət ünvanlamışdır.

AVMVİB sədri öz müraciətində təşkilatın 90 mindən çox üzvünü özündə birləşdirən veteranları yekdilliklə Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş, möhtərəm Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına səs verməyə çağırmışdır.

F.Rzaquliyev, eyni zamanda, hazırkı Prezident seçkilərini əlamətdar hadisə adlandıraraq onun əhəmiyyətini önə çəkmiş, bu seçkilərin tariximiz boyu bütöv Azərbaycan torpaqlarında keçirilən ilk səsvermə olduğunu diqqətə çatdırmışdır. O əlavə etmişdir ki, bütün bunlara Müzəffər Ali Baş Komandanımızın, şəhidlərimizin, qazilərimizin, Milli Ordumuzun sayəsində nail olunmuşdur.

Qeyd edək ki, Prezident seçkilərinə namizədlər qeydiyyata alınan andan AVMVİB İdarə Heyətinin müvafiq qərarı ilə Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi özünün vahid namizədi — Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarını dəstəklədiyini bəyan etmiş və bu qərardan irəli gələn məsələlərin həlli istiqamətində fəaliyyət göstərmişdir.

Bundan əlavə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) əməkdaşlıq etdiyi Türkiyə, Ukrayna, Rusiya, Qazaxıstan kimi xarici ölkələrdə əməkdaşlıq etdiyi veteran birliklərinin tərkibinə daxil olan Azərbaycan Respublikasının vətəndaşları da AVMVİB-in çağırışına qoşularaq İlham Əliyev cənablarına səs verəcəklərini bəyan etmişdir.

AVMVİB Mətbuat xidməti

Bu xəbəri paylaşın: