AVMVİB sədri: “27 Sentyabr xalqımızın yaddaşında həm hüzn, həm də sonsuz qürur günüdür”

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsini yad edib.

F.Rzaquliyev bildirib ki, 27 sentyabr 2020-ci il Azərbaycan tarixinin ən mühüm səhifələrindən birinin başlanğıcı oldu. Həmin gün başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitləri böyük qəhrəmanlıq göstərərək torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə apardılar. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir.

AVMVİB sədri qeyd edib:

“27 Sentyabr bizim üçün təkcə bir təqvim tarixi deyil. Bu gün minlərlə ailənin qəlbində yaşayan övlad, ata, qardaş xatirəsidir. Bu, Vətən uğrunda ən qiymətli varlığından – canından keçən şəhidlərimizin qarşısında baş əydiyimiz gündür. Eyni zamanda, Azərbaycan əsgərinin iradəsinin, xalqımızın birliyinin və torpaqlarımıza qayıdış yolunun başlanğıcıdır.

Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda dalğalanan üçrəngli bayrağımızda şəhidlərimizin qanı, qazilərimizin yarası, veteranlarımızın döyüş yolu və xalqımızın illərlə yaşatdığı Vətən həsrəti var. Biz veteranlar şəhidlərimizin döyüş meydanında hansı əzmlə vuruşduqlarının canlı şahidləriyik. Onların bizə əmanət etdiyi Vətəni qorumaq, ailələrinə sahib çıxmaq və qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.”

Füzuli Rzaquliyev şəhid ailələrinə dərin ehtiramını ifadə edib, qazilərə və müharibə veteranlarına möhkəm cansağlığı arzulayıb. O vurğulayıb ki, Azərbaycan xalqı Vətən uğrunda canından keçən oğul və qızlarının xatirəsini daim uca tutacaq.

Şəhidlər ölmür – onlar Vətənin yaddaşında əbədi yaşayırlar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları qarşısında baş əyirik!

Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: