Bu gün silahdaşlarımızdan biri, müharibə veteranı Nizami Məhərrəmovun yubileyidir. Sentyabrın 25-də onun 65 yaşı tamam olur.
Nizami Məhərrəmov 1961-ci il sentyabrın 25-də Ağbaba mahalının Güllübulaq kəndində anadan olub. Həyatının mühüm bir hissəsi hərbi xidmət və döyüş yolu ilə bağlıdır. Əfqanıstan müharibəsində iştirak edib, döyüşlər zamanı sağlamlığını itirərək III qrup əlil olub.
Sonralar Azərbaycanda Qarabağ müharibəsi başlayanda Nizami Məhərrəmov könüllü olaraq Vətənin müdafiəsinə qoşulub. Döyüş təcrübəsini və hərbi biliklərini Azərbaycan Ordusunun gücləndirilməsinə sərf edib. 1995-ci ildə Goran poliqonunda 130 və 172 saylı hərbi hissələr üçün snayper döyüşçülərinin hazırlanmasında iştirak edib, öz təcrübəsini gənc hərbçilərlə bölüşüb.
Uzun illər ərzində göstərdiyi xidmətlər müxtəlif mükafatlar, medallar və fəxri fərmanlarla qiymətləndirilib.
Nizami Məhərrəmov silahdaşları arasında Vətənə bağlılığı, milli düşüncəsi, türkçülük ideyalarına sədaqəti və prinsipial mövqeyi ilə tanınır. Keçdiyi həyat yolu iki ayrı müharibənin sınaqlarından keçmiş bir veteranın döyüş və xidmət tarixidir. Bu gün də veteran hərəkatına bağlılığı, vətənpərvər mövqeyi və gənc nəslin milli ruhda yetişməsinə verdiyi önəm onun fəaliyyətində xüsusi yer tutur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və çoxminli üzvləri Nizami Məhərrəmovu 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayırlar.
65 yaşınız mübarək, Nizami müəllim!
AVMVİB-in Mətbuat xidməti
