Azərbaycan Ordusunda Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər keçirilib

Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçuların, mülki işçilərin və şəhid ailələrinin iştirakı ilə 8 Mart — Beynəlxalq Qadınlar Gününə həsr olunan silsilə bayram tədbirləri keçirilib.

Bu barədə Fedai.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram münasibətilə təbriki tədbir iştirakçılarına çatdırılıb.

Çıxış edənlər Azərbaycan qadınının tarix boyu müqəddəs ana şərəfini uca tutaraq mübarizliyi ilə tanındığını, gənc nəslin Vətənə, dövlətə sevgi, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunmasına öz böyük töhfələrini verdiyini vurğulayıblar.

Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə, humanizm ideyalarına xidmət edən və ənənələrimizi qoruyub yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycan qadını yaxından iştirak edir.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil və hərbi tibb müəssisələrində, eləcə də digər sahələrdə xidmət edən qadın hərbi qulluqçularımızın, həmçinin mülki işlərdə çalışan qadınlarımızın əməyi daim yüksək qiymətləndirilir.

Sonra tədbirlərdə iştirak edən qadınlara gül dəstələri və bayram hədiyyələri təqdim olunub. Keçirilən tədbirlər çərçivəsində Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin estrada heyətinin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.

Bu xəbəri paylaşın: