Bu gün Azərbaycanın mühacir şairi, vətəndən uzaqda yaşayıb, yaradan Almas İldırımın doğum günüdür.
Fedai.az xəbər verir ki, əsl adı İldırım Almaszadə olan şair 1907-ci ildə Bakının Qala kəndində anadan olub.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə mənsubluğu onu sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirir. Varlı tacir oğlu olduğuna görə o,Azərbaycan Dövlət Universitetinin şərq ədəbiyyatı fakültəsindən xaric edilir.
1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə «Dün bugün» adlı şeir məcmuəsinin müəllifi olur. 1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün edilir. Sürgündə «Dağlardan xatirələr», «Ləzgi elləri», «Krımda axşamlar», «Səlimxan» və «Günah kimdədir?» adlı şeirlərini yazır.1930-cu ildə Bakıya qayıdıb «Dağlar səslənərkən» şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairinAzərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o, Türkmənistana sürgün edilir.
1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur.
Sərhəd gözətçilərinin və kömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İran torpağına çatırlar. Almas İldırım dərhal həbs olunur. 25 gün dustaqda qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür.
Almas İldırım İranda qala bilməyib tezlikləTürkiyəyə Türkiyəyə Almas İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif ölkələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışır.
1952-ci il yanvarın 14-də böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olub.
Vətən həsrəti, qəribliyin hüznü Almas İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı ahəngini təşkil edir. Almas İldırım Türkiyədəki on yeddi illik həyatında jurnal və məcmuələrdə, qəzetlərdə milli şeirlərini nəşr etdirib, milliyətçi və istiqlalçı bir şair olaraq tanınıb.
Almas İldırımın yazdığı şeirlər «Boğulmayan səs» adı altında çap olunub. Bundan başqa, «Azərbaycan mahnıları» adlı kitabı da var.