Aprel döyüşləri düşmən üzərində növbəti tarixi qələbədir. İşğalçı Ermənistan Azərbaycan torpaqlarını zəbt etməklə yanaşı özünün təxribatçı mövqeyindən əl çıkmir, vaxtaşırı olaraq keçmiş təmas xəttində təxribatlar həyata keçirirdi. 2016-cı ilin aprel döyüşləri də məhz Ermənistanın növbəti təxribatına cavab olaraq başlamışdı. Öz ordusu haqqında haqqında müxtəlif miflər uyduran erməni tərəfi döyüş meydanında layiqli cavabını adlı. Bununla da əslində Ermənistana Azərbaycan ərazilərini işğalda saxlamağın bir gün ağır nəticələri ilə üzləşəcəyi mesajı verilmiş oldu.
Bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, 2016-ci il aprel ayının 1-dən 2-nə keçən gecə işğalçı Ermənsitan tərəfindən Azərbaycana qarşı törədilən növbəti təxribata şanlı Azərbaycan Ordusu tərəfindən sürətli əks-hücum əməliyyatı həyata keçirilərək cavab verilib: “Ermənistanın işğal altındakı ərazilərdə qurduğu “keçilməz sədd” kimi təqdim edilən müdafiə xəttinin yarılması ilə nəticələn strateji əhəmiyyətli qələbə qazanılıb. Şanlı Aprel qələbəsi Azərbaycan xalqının inamını və ümidlərini özünə qaytarmaqla yanaşı, düşmənin illərdir formalaşdırdığı “məğlubedilməz erməni ordu” mifini darmadağın etmiş oldu. Bu 44 günlük Vətən Müharibəsində tarixi zəfərin başlanğıcı idi”.
Deputat deyib ki, Azərbaycan Ordusunun şanlı Aprel qələbəsi nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edilib: “Eyni zamanda geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin zad edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Qarşı tərəfin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində yaranan rezonans Ermənistanın hərbi-siyasi rəhbərliyinin içərisində dərin çatların əmələ gəlməsinə gətirib çıxardı”.
Millət vəkili vurğulayıb ki, Aprel döyüşlərinin nəticəsində Azərbaycan dünyaya əbədi və əzəli torpaqlarını hərb yolu ilə işğaldan azad edə biləcəyini göstərdi: “2020-ci ilin sentyabrın 27-də və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirlərində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğalda saxlanılan torpaqları uğrunda döyüşlərdən Zəfərlə çıxdı. Şanlı Ordumuz işğalçı Ermənistan üzərindən tarixi qələbə qazandı. Torpaqlarımız azad edildi. Tarixi ədalət bərpa olundu. 44 gün davam edən Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə daxil oldu. Azərbaycan ona məxsus olan ərazilərin əsl sahibi olduğunu dünyaya bəyan etdi. Bu gün Şuşada, Xankəndidə, Xocalıda, Kəlbəcərdə və digər ərazilərimizdə dalğalanan şanlı üçrəngli bayrağımız qürur mənbəyimizdir. Atıq azad edilmiş ərazilərdə aparılan quruculuq-bərpa işləri ölkəmizin sahibi olduğu əraziləri necə bir cənnət-məkan diyara çevirdiyinin əyani təzahürüdür”.