Mayın 18-də Sədərək rayonunda Vətən uğrunda gedən döyüşlərdə həlak olmuş Sədərək şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü ilə bağlı geniş tədbir keçirilmişdir.
Rəsmi və bədii hissədən ibarət olan tədbir çərçivəsində əvvəlcə Şəhidlər Xiyabanı ziyarət edilərək şəhidlərin ruhuna dualar oxunmuşdur. Daha sonra tədbir iştiraçıları Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət etmişlər. Bundan sonra, Sədərək şəhidlərinin xatirəsi üçün ərsəyə gətirilən xatirə-memorial məzarın açılışı olmuşdur.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR-da səlahiyyətli nümayəndəsinin humanitar məsələlər üzrə müavini Tükəzban xanım Quliyeva onun əhəmiyyətindən danışmış, dövlət müstəqilliyinin qorunub saxlanılmasında şəhidlərimizin müqəddəs missiyasından bəhs etmişdir. Daha sonra çıxış edən natiqlər arasında Sədərək rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, Türkiyə Cümhuriyyətinin Naxçıvandakı baş konsulu cənab Asip Kaya, millət vəkili İsmayıl Qəribli, şəhid yoldaşı Lətifə xanım Əliyeva, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Naxçıvan MR təşkilatının sədri Rövşən İsmayılxanlı Sədərək şəhidlərinin qəhrəmanlıq simvolunda çevrilməsindən, onların Azərbaycanın suverenliyinin qorunmasında və Naxçıvan MR qəhrəmanlıqla müdafiəsində iştirakının tarixi əhəmiyyətindən danışmışlar.
Tədbir Sədərk şəhidlərinin xatirəsini əks etdirən bədii hissə ilə davam etmişdir.
AVMVİB Mətbuat xidməti