Məşhur məsələdir ki, deyərlər öz gözündə tiri görməyib, özgə gözündə qıl seçir.
Əvvəllərdə Peterburq xalqı eşidirdilər ki, bəli İranda xolera naxoşiluğu əmələ gəlibdir, əhali mllçək kimi qırılır və başladılar söyləiməyə ki, İran vəhşi bir yerdir, əhalisi cahil, təmizlik bilməzlər.
Yalandan təharət, izaleyi-nəcasət, dəstəmaz və qüsuldan dəm vurub heç bilməzlər ki, təmiz nədir, murdar nədir.
Hifzi səhiyyədən də xəbərləri yoxdur.
Amma bu gün məlum oldu ki, Peterburq xalqının özü də hifzi səhhədən bixəbər imiş və təmizlik ilə murdarlığa da artıq məhəl qoyan yoxmuş…
Ancaq iranlı qardaşlar belə güman eləməsinlər ki, mən İran şəhərlərini Peterburqdan təmiz hesab edirəm, xeyr, onda gərək «Molla Nəsrəddin»in müxbiri Mozalan bəyin sözlərinə və «Səyahətnameyi İbrahim bəy» kitabına mənim qailliyim olmaya. Və bunu da deyim ki, əgər Allah eləməmiş, Peterburq xolerası İrana sirayət etsə, onda Məmmədəli şah məclisi dağıdan kimi, xolera da bütün İranı dağıdar.
Xolera bir elə şeydir ki, onun qabağını qoçubazlıqla və top-tüfəngə kəsmək olmaz. Krop topu, pulemyot, bomba, cəhənnəm maşını, beşatılan, mauzer, brauninq, naqan, ismitvesson, buldok, əfsərski, amerikanski – bunlar heç biri xolera basillərinə kar edə bilməz.
Çünki elə bir iş mümkün olsaydı, əvvəl gərək Bakının taxtabitilərini, Qarabağın birələrini və Salyanın milçəklərini güllələyə idilər.
Xolera basillərinin qabağına bircə «karastı» ilə çıxmaq olar ki, onun adına təmizlik deyərlər. Amma di gəl ki, o biri karastılar bizdə nə qədər çox olsa da bu biri «karastı» bizlərdə çox azdır…
Bir tərəfdən də orucluq gəlir. Tərs kimi bizlərdə də orucluğun mənası budur ki, yəni gündüz ac qal, amma gecə o qədər ye ki, lap «pəndam» ol. Halbuki orucluğun mənası bu deyil. Təmizlik «karastı»sıiın bir şərti də ehtiyatla yeməkdir.
Amma mən bilirəm ki, ishal zamanıı bu cürə söhbət olacaqdır: əşi xolera nədir, iş əcəlnəndir, qorxma vur içəri!
Doğrudur, qorxmayıb içəri vuracaqlar, lakin sonra…. içəri vurulanları çölə çıxarmaq lazım gələcək və qurunun oduna yaş da yanacaqdır…
Bəs nə tövr etməlidir?
Cavab– xolera basili yeməməlidir, özgə bir çarə yoxdur.