Şəhid Baş leytenant Mübariz Xankişiyevin döyüş yolunu əks etdirən sənədli filmin təqdimatı keçirilb

Bakı, 25 iyun 2025-ci il – Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvü, bəstəkar və yazar Fərahim Sadiqin ideya müəllifi və təşəbbüsü ilə təşkil edilən “Vətən Fədaisi” adlı sənədli filmin təqdimat mərasimi keçirilmişdir. Təqdimat Nizami Kino Mərkəzində baş tutmuşdur. Tədbir AVMVİB, Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Maliyyə-İqtisad Kolleci və “HAYAT Media” şirkətlərinin təşkilati və texniki dəstəyi ilə reallaşmışdır.

Təqdimat mərasimi 26 iyun – Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümünə həsr edilən silsilə tədbirlər çərçivəsində təşkil olunmuşdur. Mərasimdə şəhid Baş leytenant Mübariz Rəsul oğlu Xankişiyevin şərəfli döyüş yolu əks etdirilmiş, onun timsalında Vətən uğrunda canından keçmiş bütün igidlərin əziz xatirəsi ehtiramla yad edilmişdir.

Film, yalnız şəhidin xatirəsini yaşatmaqla kifayətlənmir, həm də gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasına, həmçinin tariximizin və şəhidlərimizin örnək həyatlarının gələcək nəsillərə çatdırılmasına xidmət edir. Tədbir iştirakçıları sənədli filmin nümayişindən sonra şəhid Mübariz Xankişiyevin həyatına və döyüş yoluna dair xatirələrini bölüşüblər.

Eyni zamanda, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən şəhidimizin xatirəsinə həsr olunmuş şahmat turnirinin qaliblərinə mükafatlar təqdim olunmuş, tədbir Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi» kollektivinin iştirakı ilə təşkil olunan mini konsert proqramı ilə yekunlaşdırılmışdır. Konsertdə vətənpərvər mahnılar səsləndirilmiş, iştirakçılara duyğusal anlar yaşadılmışdır.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və üzvləri, dövlət qurumları, media nümayəndələri, vətəndaş cəmiyyəti fəalları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimə geniş auditoriyanın qatılması, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin vətənpərvərlik ruhunu gücləndirmək məqsədini daşıyan bu cür tədbirlərin əhəmiyyətini bir daha nümayiş etdirib.

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: