Bakı, 16 iyun 2025-ci il. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi, həmçinin AVMVİB-in Bakı və Bakıətrafı şöbələrinin fəalları — şöbə sədrləri və üzvləri Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət etmişlər. Tədbir çərçivəsində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin məzarları önünə əklil qoyulmuş, gül-çiçək dəstələri düzülmüşdür.
AVMVİB sədri Füzuli Rzaquliyev saytımıza bildirmişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin 107 illik şərəfli tarixi, müstəqilliyimizin qorunmasında, eyni zamanda 44 günlük Vətən müharibəsinin Zəfərlə başa çatmasında Silahlı Qüvvələrimizin oynadığı roldan bəhs edərək qeyd etmişdir ki, bu gün Şəhidlər Xiyabanında baş tutan mərasim, həm də vətənpərvərlik ruhunun gücləndirilməsi, gənclərə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş igidlərin xatirəsinin yad edilməsi məqsədini daşıyır. Füzuli Rzaquliyev bildirib ki, şəhidlərimiz bu torpaqlar uğrunda fədakarlıq göstərərək, müstəqil Azərbaycan dövlətinin bünövrəsini möhkəmləndirmişlər.
AVMVİb sədri həmçinin Azərbaycan Silahlı Qüvvələrinin hərbi-vətənpərvərlik ruhunu daim yüksəldən bir ordu olduğunu və 2020-ci ildəki Zəfərin bunun əyani sübutu olduğunu qeyd etmişdir. Onun sözlərinə görə, müharibə veteranları da bu şərəfli mübarizədə mühüm rol oynamış və dövlətin gücünü göstərmək üçün öz canlarını fəda etmişlər.
Tədbirdə iştirak edən AVMVİB-in Bakı və Bakıətrafı şöbələrinin rəhbərləri və fəalları da şəhidlərin xatirəsini ehtiramla yad etmiş, bu cür tədbirlərin xalq-ordu birliyini daha da möhkəmləndirəcəyini bildirmişlər.
AVMVİB-in Mətbuat xidməti








FOTO: Yavər Məmmədov