Rus şövinizminin bariz təzahürü

Yekaterinburqda baş verən hadisə yalnız bir cinayət deyil, həm də cəmiyyətin içində formalaşan və getdikcə böyüyən sosial problemlərin təzahürüdür. İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində baş vermiş hadisələr, azərbaycanlıların yaşadığı evlərə edilən basqınlar, Ziyəddin və Hüseyn Səfərov qardaşlarının öldürülməsi və bununla əlaqəli olaraq müxtəlif cür zorakılıqlar, yerli əhali ilə xarici vətəndaşlar arasında yaranan nifrət və ayrı-seçkiliyin təhlükəli həddə çatdığını göstərir. Bu cür halların artması, yalnız hüquq-mühafizə orqanlarının deyil, eyni zamanda cəmiyyətin, media və dövlətin də ciddi şəkildə diqqət etməsi gərəkən məsələyə çevrilib. Hələ 2021-ci ildə rəhmətlik əmim, Azərbaycanın ilk döyüşçü jurnalisti, mərhum Xaqani Ədəboğlu «Velikorus» şovinizminin artıq bütün sərhədləri aşdığı ilə bağlı xəbərdarlıq etmişdi. Həmin məqaləni buradan oxuya bilərsiniz: Məqaləni oxumaq üçün daxil olun.

İndiki dövrdə isə, baş verən məlum hadisənin arxasında bir neçə amilin durduğunu anlamaq lazımdır. İlk baxışdan, cinayətkar əməliyyatın bir səbəbi kimi, illər öncə əvvəllərində baş vermiş bir qətl hadisəsinə bağlanıb, amma məsələnin köklərinə getdikdə, burada şovinist baxışların və xarici millətlərə qarşı yönəlmiş nifrətin rolu olduğu görünür. Əgər illər əvvəl törədilmiş cinayətlərin açılmasına və qatilləri cəzalandırmağa qalsa, onda ilk növbədə yüzlərlə azərbaycanlıların qanını tökmüş SSRİ cəlladları, həmçinin Rusiyada gizlənmiş erməni quldurları tapılıb mühakimə edilməli, ədalət məhkəməsinə təhvil verilməlidir.

Lakin bununla yanaşı, məsələnin yalnız bugünkü hadisə ilə məhdudlaşmadığını, tarixi ədalətsizliklər və millətlərarası gərginliklər ilə əlaqələndirilməli olduğunu da unutmamalıyıq. Azərbaycan xalqı, 1918-ci ilin mart soyqırımı, 20 Yanvar hadisələri və Xocalı soyqırımı kimi ağır hadisələrlə üzləşmişdir. Bu hadisələrdə, Rusiyanın və erməni millətçiliyinin birbaşa rolu olmuşdur. 1918-ci il mart soyqırımı, ermənilərin və rus qoşunlarının azərbaycanlılara qarşı törətdiyi kütləvi qətliam ilə yadda qalmışdır. Həmin dövrdə, Rusiyanın erməni millətçiləri ilə sıx əməkdaşlığı, bu soyqırımı milli soyqırım səviyyəsinə gətirmişdir. 20 Yanvar hadisələri, Sovet İttifaqının Azərbaycan xalqının müstəqillik və azadlıq istəyinə qarşı həyata keçirdiyi qanlı repressiyanı da heç vaxt unutmayacağıq. Həmin vaxt Rusiyanın rəhbərliyi, azərbaycanlıların azadlıq istəyini boğmaq məqsədilə ardıcıl surətdə amansız hücumlar həyata keçirmişdir. Xocalı soyqırımı, 1992-ci ildə erməni silahlı qüvvələrinin Rusiyanın dəstəyi ilə Azərbaycan ərazilərində törətdiyi ən qəddar cinayətlərdən biridir. Rusiyanın hərbi dəstəyi və erməni millətçilərinin iştirakı ilə Xocalı şəhərində minlərlə mülki vətəndaş amansızlıqla qətlə yetirilmiş, onlarla insan dəhşətli işgəncələrə məruz qalmışdır. Bu qətliam, yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Bu ağır tarixlər, sadəcə Azərbaycan xalqı üçün deyil, bütün müxtəlif millətlərə qarşı təcavüzkar davranışların təkrarı olmaqla, bugünkü gündə də şovinist baxışların təzahürlərinə səbəb olur. Yekaterinburqdakı hadisə, bu təhdidlərin və mənəvi zərbələrin, yalnız şəxsi qərəzlərdən və münaqişələrdən ibarət olmadığını göstərir. Burada, millətlərarası nifrət və təcavüzkar münasibətlərin sistemli şəkildə təbliğ edilməsi, çoxsaylı sosial problemlər və təxribatların qapısını açır. Bu hadisə, daha geniş bir kontekstdə, şovinist yanaşmaların və xarici millətləri hədəf almaq məqsədilə həyata keçirilən planların bir hissəsi olduğunu göstərir. Qeyd olunanlar birmənalı olaraq Rusiya cəmiyyətində etnik nifrət toxumlarını səpməkdə, qeyri-rus xalqlarına qarşı aqressiv münasibət formalaşdırmaqda rol oynayır və əfsuslar olsun ki, bu vəziyyətin qarşısı alınmasa, Rusiyanın bir çox başqa regionlarında da xarici vətəndaşlara qarşı məğlubiyyətə uğramaq məqsədilə təhdidlər və zorakılıq halları yarada bilər. Ona görə də, biz inanırıq ki, dövlətimiz bu istiqamətdə bütün zəruri tədbirləri görəcəkdir.
Allah dövlətimizi və xalqımızı qorusun!

Türkay Xaqan

Bu xəbəri paylaşın: